Çin ABŞ malları üçün idxal rüsumlarını azaldıb

Çin iki ölkə arasında Cenevrə danışıqlarında əldə olunmuş razılaşmaya uyğun olaraq mayın 14-dən ABŞ mallarına idxal rüsumlarını 10 faizə endirib.

Bu barədə Çin Dövlət Şurasının Gömrük Rüsum Komitəsi açıqlama yayıb. Qərar 90 gün müddətinə qüvvədə olacaq.

Qeyd edək ki, mayın 10-11-də Cenevrədə Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqlar keçirilib. Danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edib. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri ilk yüksəksəviyyəli təmas olub. Görüşün nəticələrinə əsasən tərəflər ilkin mərhələdə 90 günlük müddətinə bir-birlərinin mallarına rüsum tətbiqini azaltmaq barədə razılığa gəliblər. Razılaşmaya görə, mayın 14-dən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri müvəqqəti olaraq 30 faizə, Çin isə Amerika idxalına tətbiq etdiyi rüsumları 10 faizə endirməlidir.

Xatırladaq ki, Cenevrə razılaşmasınadək ABŞ Çin mallarına 145 faiz idxal rüsumu, Çin isə ABŞ-dan idxal edilən mallara 125 faiz gömrük rüsumları tətbiq edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.