Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Şimali Atlantikdə Rusiya bayrağı altında üzən “Marinera” tankerini saxlamasını beynəlxalq hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirib.
AzPost xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mao Nin keçirdiyi brifinqdə bildirib ki, ABŞ-ın beynəlxalq sularda digər ölkələrə məxsus gəmiləri özbaşına saxlaması beynəlxalq hüquq normalarına ziddir. Onun sözlərinə görə, Çin bu cür addımların dövlətlərin suverenliyinə və təhlükəsizliyinə xələl gətirməsinə qəti şəkildə qarşıdır.
RIA Novosti agentliyinin məlumatına görə, Mao Nin vurğulayıb ki, Pekin beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini daim müdafiə edir və oxşar halların gərginliyi daha da artırdığını hesab edir.
Xatırladaq ki, Rusiya Nəqliyyat Nazirliyi tankerə 24 dekabr tarixində Rusiya bayrağı altında üzmək üçün müvəqqəti icazə verildiyini açıqlamışdı. ABŞ Hərbi Dəniz Qüvvələrinin sahil mühafizəsi gəmisi tankeri təqib edib və yerli vaxtla saat 15:00 radələrində onun göyərtəsinə çıxıb. Bundan sonra tanker ilə əlaqə kəsilib.
Ağ Evin yaydığı məlumata görə, ekipaj üzvləri, Rusiya Xarici İşlər Nazirliyinin ehtimalına əsasən aralarında Rusiya vətəndaşları da olan şəxslər, məhkəmə qarşısına çıxarıla bilər. ABŞ tərəfi tankeri Venesueladan neft daşınmasına qoyulan embarqonu pozmaqda ittiham edir. Qeyd olunur ki, əvvəllər “Bella 1” adını daşıyan tanker ABŞ-ın sanksiya siyahısına daxil edilib.