Çin kosmosda naməlum səma cisimlərini araşdıracaq

Kosmos
Kosmos

Çin Günəş sisteminin iki nadir və indiyədək ziyarət olunmamış obyektini tədqiq etmək üçün “Tianwen-2” adlı yeni missiyasını işə salıb. Missiya “Long March 3B” raketi ilə Sıçuan əyalətindəki Xichang Peyk Atış Mərkəzindən havaya qalxıb. İlk mərhələdə məqsəd asteroid Kamo‘Oalewa-nın yanından keçmək və nümunələr toplamaqdır.

AzPost bildirir ki, alimlərin ehtimalına görə, bu asteroid Ayın parçalanması nəticəsində formalaşıb və Yerin yaxınlığında dövr edən kvazi-peykdir. Aparılan araşdırmalara görə, obyektin Ay mənşəli olub-olmaması nümunələr vasitəsilə dəqiqləşdiriləcək. Missiya asteroidə çatmaq və potensial eniş sahələrini qiymətləndirmək üçün iki il davam edəcək.

Tədqiqatın növbəti mərhələsində isə kosmik gəmi 311P/Pan-STARRS adlı aktiv asteroidə yönələcək. Bu obyekt Mars və Yupiter arasında yerləşən, kometa bənzər toz quyruqları buraxan səma cisimi kimi tanınır. Alimlər bu tozun hansı mexanizmlərlə yarandığını müəyyən etməyə çalışacaqlar.

Planet Elmləri üzrə mütəxəssis Teddi Kareta qeyd edib ki, belə obyektlərin tədqiqi elm üçün böyük əhəmiyyət daşıyır və bu missiya ilə yeni biliklər əldə olunacaq. Kareta, həmçinin bildirib ki, bu cür missiyalar bizim Günəş sistemimizlə bağlı köhnə fikirlərimizi kökündən dəyişə bilər.

Kamo’Oalewa 2016-cı ildə Havay adalarında Pan-STARRS teleskopu ilə kəşf edilib və Ay işığını əks etdirmə xüsusiyyəti ilə seçilir. Bu, onun Ay mənşəli olma ehtimalını gücləndirir. Əgər asteroid həqiqətən də Aydan ayrılıbsa, bu, Ayın tarixini daha dərindən öyrənmək üçün yeni imkanlar açacaq.

Çin missiyası həmçinin potensial təhlükəli asteroidlərin müşahidəsini də gücləndirəcək. Mütəxəssislər bu obyektləri başa düşməyin, gələcəkdə Yerə potensial zərər yetirə biləcək hadisələrin qarşısını almaq baxımından vacib olduğunu bildirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.