Çin və Cənubi Koreya liderləri Pekində nəyi müzakirə edib?

Pekində Çin Xalq Respublikasının sədri Si Cinpin ilə rəsmi səfərdə olan Koreya Respublikasının prezidenti Li Çje Myon arasında yüksək səviyyəli görüş baş tutub. Danışıqlar zamanı tərəflər qlobal iqtisadiyyat və beynəlxalq siyasətdə mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, bir sıra birgə sənədlər imzalanıb. AzPost “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu görüş son iki ay ərzində iki liderin artıq ikinci şəxsi təması olub.

Çin lideri çıxışında qeyd edib ki, 80 ildən artıq əvvəl hər iki xalq Yapon militarizminə qarşı mübarizədə birlikdə qələbə qazanıb. O, İkinci Dünya müharibəsinin nəticələrinin qorunmasının, eləcə də regional sabitliyin və dinc inkişafın təmin edilməsinin vacibliyini vurğulayıb. Si Cinpin ölkələrin tarixi proseslərin düzgün tərəfində dayanmalı və strateji baxımdan doğru seçimlər etməli olduğunu bildirib.

“Reuters” agentliyinin məlumatına görə, Cənubi Koreya nümayəndə heyətinin tərkibində 200-dən çox iş adamı yer alıb. Onların arasında “Samsung Electronics”in idarə heyətinin sədri Li Cey Yonq, “SK Group”un rəhbəri Çxey Te Von və “Hyundai Motor Group”un icraçı sədri Çun Uy Son da olub. Koreya Respublikasının Ticarət Nazirliyinin açıqlamasına əsasən, iki ölkənin şirkətləri arasında doqquz tərəfdaşlıq sazişi imzalanıb ki, bu sənədlər “Alibaba International”, “Lenovo” və Cənubi Koreyanın “Shinsegae” pərakəndə satış şəbəkəsi ilə əməkdaşlığı əhatə edir.

Bundan əlavə, hökumətlərarası səviyyədə texnologiya, əqli mülkiyyətin qorunması və nəqliyyat sahələrini əhatə edən 15 sənəd imzalanıb. Prezident Li Çje Myon isə Çində Koreya xalqının müstəqillik mübarizəsi ilə bağlı tarixi yerlərin qorunmasına görə minnətdarlığını bildirib. O, Cənubi Koreyanın Çinin əsas maraqlarına hörmət etdiyini və “vahid Çin” prinsipinə sadiq qaldığını xüsusi olaraq qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.