Çin yeni virusla bağlı xəbərdarlıq edib- Ağır nevroloji fəsadlar mümkündür

Çinli həkimlər Nipah virusuna yoluxmanın son dərəcə ağır və geri dönməz nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. AzPost xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Məlumata görə, virus sinir sistemini zədələyərək koma, epilepsiya və digər ciddi nevroloji pozuntulara yol aça bilər. Bildirilir ki, yoluxmadan sonra 24–48 saat ərzində kəskin ensefalit və beyin ödemi inkişaf edə bilər.

İnfeksion xəstəliklər şöbəsinin baş həkimi Yu Kanın sözlərinə görə, Nipah virusu birbaşa mərkəzi sinir sisteminə təsir göstərir və bu da xəstələrdə ağır, bəzən isə geri dönməz fəsadlarla nəticələnir.

Şençjen Xalq Xəstəxanasının rəhbəri Lu Hunçjou qeyd edib ki, xəstəliyin ilkin mərhələsində simptomlar atipik pnevmoniyanı xatırlada bilər. Onun sözlərinə görə, boğaz ağrısı, qusma və güclü yuxululuq kimi əlamətlər müşahidə oluna bilər. Daha sonrakı mərhələdə isə kəskin respirator distres sindromu, bəzi hallarda isə sepsis inkişaf edə bilər.

Bununla belə, Çin mütəxəssisləri ölkə daxilində virusun geniş yayılma riskini aşağı qiymətləndirirlər. Onların fikrincə, mövcud vəziyyət COVID-19 pandemiyası ilə müqayisə edilə bilməz.

Xatırladaq ki, yanvar ayında Hindistanın Qərbi Benqal ştatı hakimiyyət orqanları tibb işçiləri arasında Nipah virusuna yoluxma hallarının qeydə alındığını açıqlamışdı. Yerli mediaya görə, xəstələr süni tənəffüs aparatlarına qoşulmuş vəziyyətdə izolyasiyada saxlanılır.

Ümumdünya Səhiyyə Təşkilatı Nipah virusunu dünyada ən təhlükəli patogenlərdən biri kimi qiymətləndirir. Qeyd olunur ki, hazırda bu virusa qarşı spesifik müalicə vasitəsi və ya vaksin mövcud deyil.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.