Yeni il ərəfəsində vətəndaşın bağlamanı günlərlə ala bilməməsi daşınma şirkətlərinin fəaliyyətindəki problemləri yenidən gündəmə gətirib.
AzPost xəbər verir ki, vətəndaş Ləman Kərimova Starex daşınma şirkətinin işi ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb.
Şikayətdə bildirilir ki, Starex sistemində əks olunan məlumata əsasən bağlama hələ 20.12.2025-ci il tarixindən etibarən yerli anbara daxil olub. Lakin həmin tarixdən bu günə qədər bağlama təhvil verilməyib. İzləmə sistemində isə eyni məlumatlar təkrar-təkrar yenilənir. Belə ki, “təhvil məntəqəsi tərəfindən qəbul edildi”, “çatdırılma üçün hazırlanır” kimi qeydlər dövri olaraq dəyişdirilir və yenidən əvvəlki vəziyyətə qaytarılır.
Şikayətçi bildirir ki, bağlama Çindən cəmi 4 gün ərzində Azərbaycana çatdırıldığı halda, ölkə daxilində günlərlə əldə edilmir. Müştəri şirkətə müraciət edərək bağlamanın hansı filialda olduğunu dəqiqləşdirməyi və gedib şəxsən təhvil almağı təklif etsə də, bu istəyinə müsbət cavab verilməyib. Onun sözlərinə görə, Starex əməkdaşları konkret məlumat vermək əvəzinə standart cavablarla kifayətlənirlər.
Ləman Kərimova qeyd edir ki, dünən ona bağlamanın çatdırılmaya verildiyi bildirilsə də, izləmə sistemində bu barədə heç bir məlumat əks olunmayıb. Bu gün yenidən əlaqə saxladıqda isə ona kuryerin zəng etmədiyi bildirilib. Ardınca sistemdə yenə eyni qeyd — “çatdırılması üçün bağlama hazırlanır” — yerləşdirilib.
Şikayətçi hesab edir ki, bu cür ziddiyyətli məlumatlar müştərinin açıq şəkildə çaşdırılmasıdır. O, Starex şirkətinin məsuliyyətsiz yanaşmasının xüsusilə bayram ərəfəsində vətəndaşları çətin vəziyyətdə qoyduğunu vurğulayır. Ləman Kərimova aidiyyəti qurumlardan məsələyə baxılmasını və hüquqlarının qorunmasını xahiş edir.
Məsələ ilə bağlı Starex daşınma şirkətinin mövqeyini dərc etməyə hazırıq.