Çindən ABŞ-a “odla oynamayın” ultimatumu- Liderlərin 3 saatlıq söhbətinin DETALLARI

ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında telefon danışığı 3 saat davam edib.

Azpost.info xəbər verir ki, söhbətin uzunluğuna baxmayaraq, ticarət, texnologiya sahəsində əməkdaşlıq və ikitərəfli münasibətlərdə əsas narazılıq doğuran amillərin həlli, o cümlədən Pekinin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana mümkün səfərinə qarşı çıxması ilə bağlı heç bir irəliləyiş əldə olunmayıb.

Ağ Ev söhbətlə bağlı ətraflı məlumat yayıb. Belə məlum olur ki, fikir mübadiləsi üç hissədən ibarət olub. Birinci hissə Rusiyanın Ukraynadakı müharibəsinə və onun qlobal nəticələrinə həsr olunub. Digəri iki ölkənin birlikdə işləyə biləcəyi sahələri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə, sağlamlıq təhlükəsizliyinin təmin edilməsi və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni əhatə edib.

Prezident Bayden Çində saxlanılan və bu ölkədən səyahət qadağalarına məruz qalan ABŞ vətəndaşlarının işlərinin həlli zərurətini də qaldırıb. Həmçinin Çində insan haqlarının vəziyyəti ilə bağlı Vaşinqtonun narahatlığını xatırladıb.

Ağ Evdə keçirilən brifinqində qeyd edildiyi kimi, Tayvanla bağlı birbaşa müzakirə aparılıb. Bayden Birləşmiş Ştatların Vaşinqtonun 1970-ci illərdən bəri yürütdüyü “vahid Çin” siyasətinə sadiqliyini bir daha təsdiqləyib: “ABŞ hər iki tərəfin status-kvonun birtərəfli dəyişməsinə qarşıdır və Tayvan boğazı bölgəsində sülh və sabitliyin qorunmasına sadiqdir”.

Çin Xarici İşlər Nazirliyi öz növbəsində, Baydenin Çin liderini Vaşinqtondan Tayvan separatçılarına dəstəyin olmamasına inandırdığını bəyan edib. “Si Cinpin ABŞ-ı Tayvan məsələsində “odla oynamamaqla” bağlı xəbərdar edib”, nazirlik bildirib.

“Odla oynayanlar orada özlərini yandıracaqlar”, – Çin XİN xəbərdarlıq edib.

AP agentliyinin ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, Si və Bayden şəxsi görüş imkanını nəzərdən keçirirlər: “Çin lideri noyabrda G20 sammiti üçün İndoneziyaya dəvət edilib və bu ölkəni üzbəüz danışıqlar üçün potensial məkana çevirib”.

Agentlik qeyd edir ki, Si Cinpinin sərt reaksiyası Vaşinqtonun Tayvanla bağlı əvvəlki xəbərdarlıqların ciddiliyini anlamadığını göstərir.

Ağ Ev prezident Baydenin söhbət zamanı Oval kabinetdə olduğunu bildirib.  Otaqda Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, milli təhlükəsizlik üzrə müşavirin baş müavini Con Finer, Milli Təhlükəsizlik Şurasının regional məsələlər üzrə koordinatoru Kurt Kempbel və Şuranın Çin üzrə direktoru Laura Rosenberger də olub.

Qeyd edək ki, ABŞ prezidenti may ayında Çinin Tayvana qarşı silahlı təcavüz edəcəyi təqdirdə ona hərbi yardım göstərəcəyini vəd etmişdi. Çinin müdafiə naziri isə buna cavab olaraq bildirmişdi ki, kimsə Tayvanı “ayırmağa” cəhd etsə, Çin Xalq Azadlıq Ordusu sona qədər mübarizə aparacaq.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.