ABŞ prezident seçkisinin proqnozlaşdırılan qalibi Co Bayden şənbə günü Delaver ştatının Vilminqton şəhərində xalqa müraciəti zamanı ölkənin “qütbləşdirən deyil, birləşdirən prezident” olacağını vəd edib.
“Sərt ritorikanı kənara qoymaq, hərarəti azaltmaq, bir-birimizi görüb, bir-birimizi dinləmək vaxtıdır,” Bayden bildirib. Bayden tərəfdarlarını ona səs verməyənlərə yardım əllərini uzatmağa çağırıb və Prezident Donald Trampı dəstəkləyənlərin məyusluqlarını anladığını deyib: “Mən özüm bir neçə dəfə məğlub olmuşam. Gəlin indi bir-birimizə şans verək.”
Prezident seçilən Bayden həmçinin bazar ertəsi pandemiyanı nəzarət altına almaq üçün “elmi təməl üzərində qurulan” COVID-19-la mübarizə işçi qrupu yaradacağını elan edib. Cons Hopkins Universitetinin məlumatına görə, 9.8 milyondan çox amerikalı virusa yoluxub, 237,000-dən çox insan həyatını itirib.
Yarım əsrə yaxın bir müddət Vaşinqtonun siyasi dairələrində yer alan Baydenin yanvarın 20-də vitse-prezidentliyə seçilən kaliforniyalı senator Kamala Harrislə birgə inaqurasiya ediləcəyi gözlənilir.
Bayden şənbə günü səhnədə Harris tərəfindən təqdim olunub. İmmiqrantların qızı olan Harris vitse-prezident vəzifəsini icra edən ilk qadın, ilk afrikalı amerikalı və ilk hindistanlı amerikalı olacaq: “Bu seçkidə bizim demokratiyamız üzərinə səsvermə keçirildiyi, Amerikanın ruhu sual atlında olduğu və dünya bizimi izlədiyi bir zaman siz Amerika üçün yeni bir günün müjdəçisi olnuduz,”-deyə Harris onları izləmək üçün toplaşan kütləyə səslənib.
O, ölkə boyu seçicilərə səsvermədə rekord fəallığa və açıq mesaj verdiklərinə görə təşəkkür edib: “Siz ümid, birlik, ləyaqət, elm və əlbəttə ki, həqiqəti seçdiniz. Siz Co Baydeni Birləşmiş Ştatların növbəti prezidenti seçdiniz”.
Harris qadınların səsvermə hüququna ehtiram göstərmək məqsədilə ağ geyimdə çıxış etdi və nitqinin başında vətəndaş hüquqları müdafiəçisi olan mərhum konqresmen Con Luisə ehtiramını bildirib. O həmçinin anası Şiamala Qopalan Harris və ondan öncə gələn qadın nəsillərinə ehtiramını ifadə edib: “Mən bu vəzifəni icra edən ilk qadın olsam da, son olmayacağam. Bu gün bizi izləyən hər bir balaca qız buranın imkanlar ölkəsi olduğunu görəcək”.
36 il boyunca ABŞ Senatında və səkkiz il sabiq prezident Barak Obamanın admininistrasiyasında Vitse-Prezident vəzifəsində çalışan Baydenin şənbə günü mətbuat orqanlarının onun Pennsilvaniya ştatında aşılmaz üstünlük əldə etdiyini müəyyən etməsindən sonra ABŞ prezident seçkisiin qalibi olacağı proqnozlaşdırıldı.
Bu ştatın 20 elektoral səsi ilə Baydenin əldə etdiyi səslərin sayı prezident olmaq üçün tələb olunan 270 elektoral səsi keçir. Bundan bir neçə saat sonra onun Nevada ştatında da qalib gəldiyi proqnozlaşdırıldı.
Hər bir ştatın səsvermə nəticələri 30 gün boyunca təsdiq edilməyəcək və səsvermə ilə bağlı məhkəmə iddiaları qaldırıla bilər, lakin bu nəticələrin dəyişməyəcəyi gözlənilir.