Corc Floydun qardaşı ABŞ Konqresində çıxış etdi:

"Corcun ölümü dünyanı yaxşılığa doğru dəyişdirir"
11 İyun 2020 - 10:27

ABŞ-da polis zorakılığı nəticəsində dünyasını dəyişən afroamerikalı Corc Floydun qardaşı Filonize Floyd çərşənbə günü ABŞ Konqresində dinləmələrdə çıxış edib. 

TASS xəbər verir ki, çıxışına emosional başlayan Filonize konqresmenləri qaradərililərə qarşı polis zorakılığının mümkün qədər tez aradan qaldırılmasına çağırış edib. O, millət vəkillərinə xitabən bildirib ki, polislərə qanuni güc tətbiq etməyi öyrədin: “Polis yalnız zəruri hallarda, həyatı üçün təhlükə yarandıqda qanunun icazə verdiyi çərçivədə güc tətbiq edə bilər. Corc həmin gün heç kimi təhdid etmədiyi halda, öldürüldü – 20 dollara dəyərdimi?”

Corc Floydun qardaşı əlavə edib ki, küçələrə çıxaraq etiraz edən insanlar da buna son qoyulmasını tələb edirlər: “İnsanlar sizi onların adından danışmaq üçün seçiblər. Corcun ölümü dünyanı yaxşılığa doğru dəyişdirir, məncə, belə də olacaqsa, deməli, o, yaxşı səbəbə görə öldü”.