Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir. Sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.
ADSEA-dan bildirilib ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.
Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı Subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.