Dəmir yolunun “Yüksəliş”i –

ADY-nin intellektual kadrları (FOTO)
18 İyul 2021 - 18:00

Prezident İlham Əliyevin Sərəncamı ilə intellektual səviyyəsi, idarəçilik bacarıqları yüksək olan şəxslərin müəyyən edilərək ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədilə təsis olunmuş “Yüksəliş” müsabiqəsi böyük maraq doğurub.

Ötən il start götürmüş bu müsabiqədə 11 min 760 nəfər iştirak edib. Bir neçə mərhələdə keçirilən bu müsabiqəyə ötən həftə yekun vurulub və qaliblərin adları açıqlanıb.

Finalında iştirak edən 112 namizəddən 27 nəfəri qalib adını qazanıb.

Birinci yeri qazananlar sırasında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) əməkdaşı da var. Qurumun Maliyyə və İqtisadiyyat İdarəsinin Maliyyə və iqtisadi təhlil şöbəsinin rəisi Orxan Yusibov müsabiqədə qalib olmuş 27 nəfərdən biridir.

Bundan başqa digər əməkdaş -ADY-nin İnvestisiya İdarəsinin rəis müavini Toğrul Quliyev və insan resursları üzrə mütəxəssis Vüsal Əmirli finala çıxan 112 namizəd arasında yer alıb.

Hüquq idarəsinin rəis müavini Türkan Yusibova və infrasturktur departamentinin əməkdaşı Sevinc Əliverdiyeva isə müsabiqənin yarımfinalçıları sırasında olub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Yüksəliş” müsabiqəsində uğur qazanmış əməkdaşlarla görüşüb və onları təbrik edib, onların bu uğurunu ADY ailəsinin sevinci, uğuru kimi qiymətləndirib. Bildirib ki, ölkə üzrə əhəmiyyətli bir müsabiqədə qalib gəlmək onların karyera inkişafına təkan verəcək.

Belə bir mötəbər müsabiqədə əldə olunan bu nəticələr gözlənilən idi. Çünki ölkədə islahatlara, peşəkar kadrların idarəçiliyə cəlb edilməsi çağırışına ilk səs verənlərdən ADY olub.

Prezident İlham Əliyev “Azərbaycan Dəmir yolları” QSC-yə 2015-ci ildə təyin etdiyi yeni rəhbərliyinin qarşısında əsas  məsələ kimi daxili yolların dünya standartlarına çatdırılmasını qoymuşdu.

Bu baxımdan  Cavid Qurbanov ADY-nin fəaliyyətində çoxlu yeniliklərə imza ata bilib. Dəmir yolu vağzallarında uzun illər hamının öyrəşdiyi “tablo” artıq yoxa çıxıb.

Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunub, eskalatorlar yenisi ilə əvəzlənib. Dəmiryolunda aparılmış yeniliklərdən biri də sərnişin qatarları üçün onlayn bilet satışı sistemini tətbiqdir.

Çevik idarəetmə texnikasına söykənən ADY innovasiyaya, yeni çağırışlara açıq quruma çevrilib.

Bütün bunları həyata keçirmək üçün ADY-də tərkibi idarəetmə sisteminə menecerlik bacarıqları, intellektual səviyyəsi və çevik idarəçilik qabiliyyəti kadrların yer aldığı komandanın irəli çəkilməsi vacib addımlardan olub.

ADY-da gənc kadrların hazırlanması, intellektual sərmayə diqqət mərkəzindədir. İnsan resurslarının və onun idarəedilməsinin inkişafına öz töfhələrini verən ADY bunun üçün müxtəlif imkanlardan istifadə edir.

Dörd il əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin sponsorluğu ilə keçirilən “İnsan Resursları Sammiti” bu istiqamətdə atılan addım idi. 300 nəfərin iştirakı ilə keçirilmiş bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker – insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə ediblər.

“Azərbaycan Dəmir Yolları” QSC-də yaradılan İnsan Resursları Xidmətlərinin əsas funksiyası işçilərin potensiallarını üzə çıxarmaq üçün lazımi iş şəraitini yaratmaqdır. İdarənin hədəfi iş yerlərinin planlaşdırılması, işə qəbul, təlim, mükafatlandırma, karyeranın idarə edilməsi kimi sahələrdir.

Ən mühüm addımlardan biri işə qəbul prosesinin müsabiqə yolu ilə həyata keçirilməsidir. Bunun üçün elektron test mərkəzi və regionlarda testlərin təşkili məqsədilə mobil elektron test sistemi istifadəyə verilib.

2019-cu ildə bu müsabiqə nəticəsində 1033 vakant yerə 990 nəfər qəbul edilib.

Cəmiyyətin İnsan Resursları İdarəsində isə planlama, işə qəbul, karyeranın idarə edilməsi, əməkhaqqı, kadr inzibatçılığı, maarifləndirmə və İnkişaf Mərkəzi adlı altı şöbəni birləşdirilib.

ADY-də qarşıya qoyulan məqsədlərə nail olmaq üçün insan resursları strategiyası prioritet məsələdir.

Nəqliyyat qovşağının yaradılması üçün yürüdülən siyasətin zəruri rıçaqını təşkil edən “ADY” QSC ölkədə aparılan islahatların mühüm həlqəsi olan dövlət qurumudur.

2019-cu ildə Davos İqtisadi Forumunun açıqladığı “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 141 ölkə arasında “Dəmir yolu xidmətlərinin səmərəliliyi” üzrə 11-ci yeri tutub. Azərbaycanı Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat qovşağına çevirib. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı qısa yolla birləşdirən davamlı nəqliyyat dəhlizi sayılır.

Azərbaycan 2025-ci ilədək logistika sahəsinə investisiya qoyuluşları baxımından regionda ən cəlbedici bölgəyə çevrilməsini əsas məqsəd kimi qarşıya qoyub.  Bu perspektivin tərkib hissəsi  olan dəmir yolların idarəçiliyinə gənc və intellektual kadrların cəlb olunması önəmli rol oynayır.

“Analitik” Təhlil Mərkəzi