Dağıstanda qalan Azərbaycan vətəndaşlarından xəbər var –

Həbs olunanların vəkili niyə yoxdur?
03 Avqust 2020 - 21:39

“Hazırda Dağıstanın Kullar kənd yaxınlığındakı çadır düşərgəsində Azərbaycana qayıtmalarını gözləyən 500-700 nəfər Azərbaycan vətəndaşı var”.

Bunu “ Turan” agentliyinə Rusiya Azərbaycanlıları Regional Mədəni Muxtariyyətinin (RARMM) sədr müavini Afiq Allahverdiyev bildirib.

Sədr müavininin sözlərinə görə, çadır düşərgənin avqustun 1-nə kimi ləğv olunması nəzərdə tutulsa da, sonradan bu baş tutmayıb. Allahverdiyevin deməsinə görə, düşərgədən Azərbaycana qayıdan şəxslərin yerini yeni şəxslər tutur, odur ki, bu çadır düşərgəsinin ləğvi, hələlik, mümkün görünmür: “İndi buradan həftədə bir dəfə 250 nəfəri Azərbaycana qaytarmaqla problemi həll etmək mümkün deyil. Çünku bu məsələ Rusiya tərəf üçün rüşvət, “gəlir mənbəyi”nə dönüb ”.

A.Allahverdiyev düşünür ki, həmin şəxslər Rusiyada (Dağıstanda) qalmaqdansa elə Azərbaycan tərəfdə qalsalar yaxşıdır: “Azərbaycan tərəfdə 1200 nəfərlik xəstəxana qurulub, insanlar burada karantin rejiminə uyğun saxlana bilələr. Amma Azərbaycan tərəf də deyir ki, həkim azlığı var, hamını vaxtında testdən keçirmək mümkün olmur. Odur ki, buradakıların hamısını birdəfəlik Azərbaycana apara bilmirlər. Buna görə də bu düşərgə ləğv olunana oxşamır”.

Bu il iyunun 15-da düşərgə yaxınlığında Rusiya hüquq mühafizə orqanları ilə Azərbaycan vətəndaşları arasında baş vermiş insidentə toxunan sədr müavini deyir ki, 10 nəfər tutulub, avqustun 8-də ilk məhkəmə prosesi gözlənilir: “İstintaq altında olan Azərbaycan vətəndaşları polisə müqavimət və başqasının əmlakına qəsdən zərər vurmaqda ittiham edilirlər. Söhbət 1 milyon 400 min rubl məbləğində ziyandan gedir. Həmin pul ödənilib. Polislə insidentdə tutulanlar hazırda Dərbənd təcridxanasında saxlanılırlar. Bizim əsas məqsədimiz saxlanılanları həbs cəzasından qurtarıb, məsələni şərti cəzalarla bitirməkdir. Ən çətini budur ki, bu saxlanılanların çoxunun vəkili yoxdur”.

Hüquqşünas Avtandil Məmmədli isə Azadlıq Radiosuna deyib ki, iyunun 15-də baş vermiş hadisələrdə tutulan Azərbaycan vətəndaşlarının çoxunun vəkilinin olmaması onların maddi imkansızlığından irəli gəlir. Onun deməsinə görə, vəkil Murad Vəlixanov bu hadisələrdə tutulan Elmar Mehdiyevin işi ilə bağlı iyulun 24-də apelyasiya şikayəti verib, ona ittiham ləğv edilib: “Vəkl sübut edib ki, aksiya keçirilməsində məqsəd heç də kiməsə zərər vermək və ya kiməsə xəsarət yetirmək olmayıb. Məqsəd Azərbaycana qayıtmaq isətəyn şəxslərin hansı çətin durumda saxlandıqlarını ictimailəşdimək olub”.

O, deyib ki, tutulanlara zorakılıq yalnız iyunun 15-də saxlanan zaman olub, sonrakı vaxtlarda isə zorakılıqla bağlı şikayətləri yoxdur.

A.Məmmədli deyib ki, Azərbaycan hökuməti bu işə əl qoysa, həmin həbsdə olanlar şərti cəza almaqla buraxıla bilərlər: “Başqasının əmlakına zərər vurmaq, hakimiyyət nümayəndəsinə xəsarət yetirmək maddəsilə 8-10 il həbs cəzası gözlənilir. Bu iş təkcə vəkillərin ümidinə qalsa, onlara 8-10 il olmasa da, 4-5 il həbs cəzası verilə bilər”.

Bu açıqlamaya, hələlik, Rusiya və Azərbaycan rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.