“Dağlıq Qarabağın tam inteqrasiyası zaman məsələsidir, biz tələsməyəcəyik” –

PREZİDENT
14 Aprel 2021 - 03:00

“Mən artıq demişəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında yaşayan erməniləri, əvvəl qeyd etdiyim kimi, biz Azərbaycan vətəndaşları hesab edirik. Bu regionun reinteqrasiyası zaman məsələsidir. Biz çox tələsməyəcəyik”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

“Biz doğru olanı etmişik. Zənnimcə, bu insanlar özləri başa düşəcəklər ki, qonşuları ilə normal münasibətlərin olması onlar üçün daha yaxşıdır. Hətta indi həmin ərazilərə bütün logistik dəstəyin Bərdə və Ağdamdan getdiyi bir vaxtda, daha çox aydın olur ki, bu, Azərbaycana inteqrasiya olmuş regiondur. 100 il əvvəl Laçın dəhlizi mövcud deyildi. 1930-cu illərədək Laçın və Kəlbəcərdə yollar yox idi. İnsanlar yalnız atlarla gedə bilirdilər. Əlbəttə ki, bu regionun Ermənistanla əlaqəsi yox idi. O, Azərbaycanın qalan hissəsinə iqtisadi, sosial cəhətdən, hər cəhətdən tam inteqrasiya olmuşdu və bu, belə olacaq. Bu, reallıqdır. Biz hazırıq. Hazırda Azərbaycanda minlərlə erməni yaşayır. Mən müharibə vaxtı dediyim kimi, Ermənistanın sabiq müdafiə nazirinin bacısı Azərbaycanda yaşayır. O müdafiə naziri olanda və bizim əraziləri işğal altında saxlayanda o, Azərbaycanda yaşayıb və heç kim onu barmaqla göstərmirdi. Bu, bizim mədəniyyətimiz, bizim siyasətimizdir. Qarabağ regionunun tam inteqrasiyası labüddür. Bu, baş verəcək. Lakin biz bunu vaxtında və maksimum səbirlə etməliyik”-deyə prezident İ.Əliyev vurğulayıb.