Vyetnamın İnformasiya və Rabitə Nazirliyi ölkədə fəaliyyət göstərən internet provayderlərinə Telegram messencerinin bloklanması ilə bağlı göstəriş verib. AzPost bildirir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb.
Sərəncama əsasən, telekommunikasiya şirkətləri iyunun ikisinə qədər Telegram-a girişin məhdudlaşdırılması ilə bağlı konkret tədbirlər görməli və hesabat təqdim etməlidir.
Nazirlik bu qərarın əsasını belə izah edir: Telegram rəhbərliyi ölkə daxilində baş verən hüquq pozuntularının araşdırılmasında hökumətlə əməkdaşlıqdan imtina edib. Qeyd olunur ki, messencer cinayət təhqiqatları çərçivəsində istifadəçi məlumatlarının təqdim olunmasına razılıq verməyib.
Vyetnam polisi tərəfindən aparılan araşdırmalara görə, Telegram üzərindən fəaliyyət göstərən 9600 kanal və qrupun 68 faizi qeyri-qanuni fəaliyyətlə məşğuldur. Bu fəaliyyətlər sırasında fırıldaqçılıq, narkotik dövriyyəsi, eləcə də terrorçuluq şübhəsi ilə aparılan əməliyyatlar yer alır.
İnformasiya və Rabitə Nazirliyi “Reuters”ə açıqlamasında sənədin həqiqiliyini təsdiqləyib və Telegram-ın bloklanmasının məhz ictimai təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirildiyini bildirib.
Qeyd edək ki, bu ilk belə hal deyil. 2023-cü ildə Braziliya məhkəməsi də Telegram-a qarşı oxşar addım atmış, istintaqla əməkdaşlıqdan imtina əsas gətirilərək messencerin bloklanmasına qərar verilmişdi. İndoneziya hakimiyyəti isə platformanı pornoqrafiya və qumar oyunlarının yayılmasında ittiham edərək bloklama ilə hədələyib.
Məlum hadisə bir daha göstərir ki, qlobal platformaların lokal qanunvericiliklə uzlaşması getdikcə daha ciddi çağırışlara səbəb olur. Vyetnam nümunəsi bu ziddiyyətlərin informasiya təhlükəsizliyi və dövlət suverenliyi baxımından yeni müstəviyə keçdiyini ortaya qoyur.