Əməkdar jurnalist, tanınmış teleaparıcı İlqar Əlfioğlu vaxtilə efirdə böyük səs-küy yaratmış bir sujetin tarixindən yazıb.
AzPost bildirir ki, 1988-ci ildə AZTV-nin məşhur “Dalğa” proqramında danışan pişik Məsi barədə sujet ölkədə böyük rezonans doğurmuşdu.
İ.Əlfioğlu həmin sujetin necə ərsəyə gəlməsini xatırlayıb.
…Təbim gəlib, Məsidən yazacam…
Onu tanıyırdınız?
Yaşı qırxdan çox olanlar yüz faiz tanıyar.
Hardan bilirəm?
Onu bilməyə nə var ki, bu illər ərzində mənimlə təsadüfi rastlaşan tamaşaçılarımızın, indiki dildə desəm, fanatlarımızın on nəfərindən altı-yeddisi məndən Məsini – məşhur “danışan pişiyi” soruşur. Sualları da, standart olur: “Məsi doğrudan danışırdı?”
Hərdən fikirləşirəm ki, bir belə problemləri aşkara çıxar, bir belə dərdləri fas elə, bu qədər aşmaz işləri aşır, səni tanıyan kimi, danışan pişiyi soruşsunlar…
Getdikcə, mənə elə gəlirdi ki, bu xalqın yeganə dərdi hansısa cinsi qarışıq pişiyin danışıb-danışmamasıdı…
Nə isə… Gələk, mətləb üstünə.
Bizim “Dalğa” verilişinin redaksiyası televiziyanın əsas qapısından girəndə, bir mərtəbə aşağıda, adam dilində desəm, zirzəmidə idi, arxivin düz yanında. Mənə sərf eləyirdi, çünki otağımızın pəncərəsi birbaş çayxanamıza baxırdı.
Kollektivimiz iki yerə bölunürdü – qalstuklular, bir də qalstuksuzlar. Mən ikinciyə aid idim deyə, otagımıza çayxanaya baxan pəncərədən girirdim, çünki, əsas qapıdan girsəm, Elşad müəllimə salam vermək üçün dəhlizdə toplaşanlara qarışmalıydım, vaxtım hardaydı, işim onsuz da çox idi…
Bir dəfə Elşad müəllimlə dəhlizdə üz-üzə gəldik, soruşdu ki, səni işə gələndə heç görmürəm, İlqar, nə məsələdi? Sədrəddini, Mülatifi, Məhərrəmi, Şahini, başqa uşaqları tez-tez görürəm, səni yox…
Qayıtdım ki, yollarımız ayrıdı, Elşad müəllim.
Təəccüblə dilləndi:
-Necə ayrıdı, qapıdan girmirik bəyəm?
-Siz qapıdan girirsiniz, mən pəncərədən.
-Hansı pəncərədən?
-Otağımızın pəncərəsindən…
-Niyə?
-Yolumu qısaldıram. Mən heç icəriyə də darvazamızdan keçmirəm ki…
-Bəs, komitənin ərazisinə hardan girirsən?
-Elşad müəllim, radio tərəfdə hasar alçaqdı, divardan da qaz borusu keçir, çıxıram onun üstünə, ağacdan dartınıb, dırmaşıram hasara, ordan da düşürəm içəri…
-Başa düşmədim, normal yolla niyə gəlmirsən ki?..
-Belə, iki dəfə yaxın olur da… Ordan üzüaşagı enirəm, daha əsas qapıya tərəf fırlanmıram, pəncərədən girirəm otağa…
Rəhmətliyin ağzının yanıyla, yanpörtü gülümsəməyi vardı, adam başa düşmürdü ki, ironiya edir, yoxsa, gülüşü belədi…
Onda da, özünəməxsus təbəssümüylə başını buladı:
-Sən əllaməsən vallah, get, işində ol…
Elə, aralanırdım ki, qayıtdı:
-İndi də, pəncərədən girəcəksən?
-Yox, Elşad müəllim, indi burdan yaxındı, bir mərtəbə enəcəm, vəssalam…
Bir məsələni də size deyim: Sonralar bizim redaksiyanı normal otağa keçirmək istədilər, min bəhanə gətirib razılaşmadıq, axıra qədər öz otağımızda qaldıq…
Pəncərəni açıb, otağımıza girdim, yoldaşlar nə barədəsə qızğın söhbət edirdilər. Qrupumuzun redaktoru məni görən kimi, soruşdu:
-Qasımov, xəbərin var xəbərdən?
-Hansını deyirsən?
-Bu günə bir xəbər var da…
-Ürəyimi çəkmə də, de görüm nədi?
-Danışan pişik tapılıb!
-Danışan pişik? Nə dildə danışır? Amma, sən canın demə ki, erməni dilində…
Hamı ayaq üstəydi, şöbə müdirimiz Sədrəddindən başqa. Üzümü ona tutdum:
-Sədrəddin, bu nə deyir?
Sədrəddin qalstukunu düzəldə-düzəldə mızıldandı:
-Nə bilim, vallah… Bu dünyada nə desən olar…
-Ay kisi, necə yəni olar?
Məni dolamısınız?
Elə, bunu demişdim ki, Mülatif əlində palaz boyda qəzet, mənə yaxınlaşdı.
-Əvvəlcə otur, yıxılarsan…
-Ə-ə, məni dolama… Qəzeti niyə gözümə soxursan?
-Bax da! “Azərbaycan müəllimi”di…
Əvvəlcə, çevirib, qəzetin adına, sonra göstərdiyi səhifəyə baxdım baxdım, yazırdı ki, Azərbaycanda danışan pişik tapılıb… Hələ, Akademiyadan çalışan bir alimdən də rəy almışdılar, deyirdi ki, pişiyin danışması zoologiya elmində görünməmış yenilikdi…
Başım gicəlləndi, gözumün qabağında danışan pişikdən müsahibə almağım canlandı: Pişik kostyumda, qalstukda idi, ağıllı-ağıllı nəsə anladır, mən də ixlaskar görkəmlə basımı tərpədirdim. Mülatif də pişikdən hansısa sualı verməyimi pıçıltıyla istəyirdi və bu heyndə heyvan üzünü hirslə ona çevirdi, heyvan səsilə, amma adam dilində dedi:
-Ay yoldaş, mane olma, fikrim dağılır! Özümüz danışırıq da…
Diksinib, özümə gəldim və Mülatifdən yazını müəllifini soruşdum:
-Mülü, sən bu Baharlını tanıyırsan?
-Əlbəttə! Qəzetin məsul katibidi…
-Normal adamdı? Problemi-zadı yoxdu ki?..
-Tanınmış jurnalistdi.
Başımı qaşıdım…
-Adı nədi?
-Kimin? Müəllif yazılıb da, baxmadın? Məhəmməd Baharlı!
-Ə-ə, onu demirəm, pişiyi deyirəm!
-Məsi!
-Bəs, familiyası?
-Kimin? Pişiyin? Məni dolamısan, pişiyin familiyası olar?
-Niyə olmur ki? Heyvanın nəsil şəcərəsi ola bilər, familiyası yox?
-Qaqa, məni dolama! Hazırlaş, gedirik çəkilişə…
-Hara?
-Zəng vurub, ünvanı almışam, Məsigilə gedirik…
-Harda yaşayır, ha tərəfdədi?
-Vağzal idarəsinin yanında, dəmiryolçuların binası var, orda?
-Dəmir yolunda isləyir?
-Kim?
-Müsahibimi deyirəm də, Məsini…
-Məni dolama, qurtar!.. Ailəsi orda yaşayır…
-Bəxtəvər başımıza, ailəsi də var?.. Bəs, o alim? Doğrudan Akademiyada işləyir?
-O da orda olacaq, nə sualın varsa, özündən soruşarsan, ürəyimi çəkmə. Alimi tanımıram, yalan deyə bilmərəm…
Başımı bulaya-bulaya yerimdən qalxdım.
-Barı, gələcəyimizdən xəbərləri var?
-Hə, zəng vurub demişəm. Yazının müəllifi də orda olacaq…
-Bəs, akademik?
-Onu bilmirəm, yalan demərəm…
-Sən canın, zarafat eləyirsən?
-Nə zarafat, ay kişi!..
Təzədən oturdum yerimə.
Sədrəddin qayıtdı:
-Qulaq as, getmək istəmirsənsə, verək başqa qrupa…
Mülatif səsini uçaltdı:
-Nə başqa qrup? Mövzunu tapan biz, başqa qrup çəkəcək? Özümüz gedirik!
Bu məqamda rejissorumuz Məhərrəm Bədirzadə hövlnak girdi içəri:
-Kamera hazırdı, amma, Məmmədəliyə nə qədər üz vurdum ki, TJK versin, dedi zanitdi, VXS oldu, eybi yox. İşıqçı da gedir. Çıxırıq?
Zarafat eləməkdən başqa, çarə qalmamışdı:
-Məhərrəm, qrimyor da var?
-Qrimyoru neynirsən?
-Necə yəni? Məsi ulduz olacaq inşallah! Bəlkə, qrimyor tələb elədi bizdən?
Məhərrəm Mülatifə baxdı:
-Alə, bu nə diyir? Dolayıb məni?..
-Yox, məzələnir…
Dilləndim:
-Burda məzələnəsi bir adam varsa, elə özüməm, siz hamınız qocasınız…
Mülatif uzanan söhbətə nöqtə qoymaq üçün səsini ucaltdı:
-Getdik!..
Sədrəddin dilləndi:
-Gedin, Allaha əmanət…
Çıxdıq.
Çarə yox idi, deyibsə, getməliydik, amma özümü orda necə aparacağımı bilmirdim…
Maşında hamı susmüşdü. Hərə öz fantaziyasında Məsiylə görüşün detallarını cızırdı…
Vağzal idarəsinin yan küçəsində sırayla ucalan beşmərtəbələrin həyətinə girdik, bir az irəlilədik, Mülatif komanda verdi:
-Saxla!
Məhərrəm komanda verdi:
-Uşaqlar, aparaturanı düşürün!
Maşından endik, həyətə göz gəzdirdim, adam şübhəli dərəcədə çox idi, uşaqdan-böyüyə, maraqla bizə baxırdılar.
Deyəsən, bu camaat da, qonşularında danışan pişiyin olmasından artıq xəbər tutmuşdular…
Uşaqlar kameranı-zadı düşürənə kimi, tələsik özümü bloka təpdim, çünki sinəsində orden-medalları olan iki ağsaqqal bizə yaxınlaşırdı…
Bir mərtəbə qalxıb, ayaq saxladım – Məsigilin mərtəbəsini bilmirdim.
Aşağıdan Mülatifin səsi gəldi:
-Ücüncü mərtəbədədi, sol qapıda…
Daha onların çatmasını gözləmədim, qalxdım üçə. Qapılara göz gəzdirdim, sol tərəfdəki aralı idi. Baxdım, gözlərim qaraldı. Qapının ağzında o qədər ayaqqabı vardı ki, elə bil, yaxşı halda, toyaxşamı, pis halda da yas məclisi vardı mənzildə. Amma içəridən hənirti də eşidilmirdi.

Uşaqlar mənə çatdı, ürəyimdə “lənət şeytana” deyib, Mülatifə baxdım.
O da, irəli kecib, qapını ürkək-ürkək tıqqıldatdı, qapı aralandı, orta yaşlı bir qadın göründü:
-Xoş gəlmisiniz! Niyə gecikdiniz, axı sizə Məsinin qrafikini də vermışdık… Keçin icəri, amma, bir az sakit…
Mulatif qayıtdı:
-Hansı otaqda olacaq çəkiliş?
-Siz qonaq otağına keçin, hələ Məsinin yatan vaxtıdı, çəkə bilməzsiniz. Keçin, əyləşin, yuxudan dursun, sonra…
Özümü saxlaya bilmədim, sual dolu bazıslarımı Mülatifə zillədim.
O da, uzünü qadına tutub, soruşdu:
-Xanım, çox çəkər!
Arvad qolundakı qaslı saata baxıb, dilləndi:
-Bir saata duracaq. Siz keçin zala, rahat olun… Bilirsiniz, yuxusu pozulanda, Məsi lap dilxor olur…
Yoldaşlarını bilmirəm, amma mən urəyimdə özümü söyə-söyə zalın qapısını astaca itələdim, açılan mənzərədən dəhşətə gəldim. Otaqda uzun masa açılmışdı, üstündə şəkərbura, paxlava, mer-meyvə, ətrafinda da adamlar. Gözlərim qaraldı, bilmirdim gülum, yoxsa, ağlayım…
Daha, kim yox idi orda?..
Yadımda qalan məşhurları deyəcəm. Xalq artistləri Əliağa Ağayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, bir-iki tanınmış rejissor, beş-altı qalstuklu alim, iki üç müqənni, bir də, hadisənin baş qəhrəmanını – Məsini tapan jurnalist Məhəmməd Baharlı… Bir sözlə, otaq doluydu, şirnidən yeyib, çaydan vururdular. Bas tərəfdə isə ahıl bir kişi əyləşmişdi, deyəsən, evin sahibi idi…
Hamı ağır yas məclislərindəki kimi, pıç-pıçla danışırdı, amma burda məqsəd Məsinin yuxusunu pozmamaq idi.
Otaqda üçümüzə yer oldu – Mülatifə, mənə, bir də, Məhərrəmə, qalanları elə dəhlizdə qaldı.
Başımızın hərəkətilə hamıyla salamlaşıb, sakitcə yerimizə keçdik…
Özümü necə aparacağımı bilmirdim. Gözümə durmuşdu, indi bunların hamısını dilləndirməliydim?
Yavaşca, Mulatifi dümsüklədim:
-Mülü, əcəb işə düşdük… İndi bir saat gözləməliyik burda?
Mülatif başıyla, “darıxma” deyə, isarə edib, üzünü evin xanımına tutdu:
-Bacı, bizim başqa çəkilislərimiz də var, bəlkə, ehmallıca durquzasınız onu?
Arvad sifətində dəhsətli ifadə dostuma baxdı:
-Kimi?
Mülatif qətiyyətsiz mızıldandı:
-Məsini də…
-Nə danışırsınız, yuxudan olsa, danışmaq nədi, üzumüzə də baxmaz!
Mülatif başını aşağı salıb, mənə pıçıldadı:
-Darıxma, bir yol taparam, bir az gözləyək…
Çarə yox idi, çayımızı içə-içə gözlədik.
Süfrə arxasında danışan yox idi, hamı nəsə fikirləşirdi. Onları bilmirəm, amma mən içimdə özümlə danışır, belə gülünc vəziyyətə qalmağımızdan şikayətlənirdim…
Təxminən yarım saatdan sonra, ev sahibəsinin çayları təzələmək üçün mətbəxə keçməsindən istifadə edən Mülatif, “əlim şirə oldu, əlimi yuyum” deyib, yerindən qalxdı, otaqdan cıxdı.
İkicə dəqiqə sonra, Məsinin otağından bir cikkə çıxdı…
Arvad özünü səsə yetirəndə, Mülatif artıq vanna otağında idi.
Dəhlizdən qadının səsi gəldi:
-Vay, balam niyə diksindi? Can-can, sakitləş, Məsi. Bilirsən səni görməyə necə qonaqlarımız gəlib?..
Elə bu sözlərlə, qucağında zırpı bir pişik zala girdi, hamı üzünü heyvana tutdu. O isə, tənbəl-tənbəl əsnəyib, üzünü yada çevirdi..
O an Mülatif də əsərin qəhrəmanlarinin arxasında göründü:
-Bacı, durdu deyəsən, çəkə bilərik? Harda çəkirik Məsini?
-Hə, çəkə bilərsiniz, qoyun balamı səliqəyə salım, öz otağında çəkərsiniz…
Qalanını süjetdə görmüsünüz, nə danışım?..
Məsilə qurtaranda, Mülatif dedi ki, bəlkə, qonaqlardan da müsahibə alaq, bəzənib gəliblər, yaxşı deyil…
Tərs-tərs ona baxdım, lazım deyil, dedim.
-Bəlkə, Məhəmməddən alaq.
-Müsahibə-filan lazım deyil, özümüzü zibilə salmışıq, barı onlara dəyməyə..
-Bəs, süjeti necə hazırlayacağıq, verməyək? Bir saat yalvar, kamera-filan al, sonra da efirə vermə?..
-Verərik, darıxma… De görüm, Məsini sən oyatdın yuxudan?
-Əlbəttə, məndə o qədər gözləməyə hövsələ hanı?…
-Necə oyatdın, yazıq heyvan niyə cikkə çəkdi?..
-Onu yazıq ilan vursun, pişiyə bax e-e, dolayıb bizi barmağına.Gördüm arvad çıxıb mətbəxə, fürsəti fövtə vermədim, girdim pisiyin otağına, iki dəfə adını çağırdım, tərpənmədi, mən də, eləmə tənbəllik, bir çimdik aldım ondan, cıkkə çəkib, kreslosunda yıxıldı. Elə özüm də diksindim, təpildim hamama…
Güldüm:
-Ay Mülü, kefsən də… Elşad mənə əllamə deyir, əsl əllamə sənsən, şeytana papış tikərsən…
Mülatif oturduğu yerdə genəldi, əlini ləzzətlə qarnına çəkib, dilləndi:
-Qasımov, amma paxlavaları müsibət idi, Məhərrəm də yaman udurdu. Sən də yedin?
-Mən yox. Hirsimdən boğazdan keçirdi ki…
Məhərrəm dilləndi:
-Mülatuf, sən də elə, mənim yediyimi say! Heç, özündən xəbərin var? Məsinin yanına çıxmasaydın, süfrədə disə dəyəsi bir şey qalmayacaqdı…
Mən dilləndim:
-Qurtarın, kor kora, kor deməsə, bağrı çatlayar!
Şaqqanaqla gülüşdük…
O süjeti görmüsünüz, məzəli musiqinin üstündə gedir, arvad Nəsiyə sual verir, heyvan da öz aləmində, güya cavab verir…
Süjetdə kadr arxasinda dediyim son cümlə də yadımdadı:
“Hər seyi özunüz gordunuz. O ki qaldı Məsinin danışıb-danışmamasına, mən bir söz deyə bilmərəm, nəticə çıxarmaq sizlikdi…
O verilişdən sonra redaksiyaya çox zənglər oldu. Hamı Məsinin danışıb-danışmamasıyla möhkəm məraqlanırdı. Elə bil, Məsi danışsaydı, ermənilər Qarabağdan əl çəkəcəkdilər… Əvvəl-əvvəl, hovsələ ilə başa salmağa çalışırdım, sonra bezdim.
Tamaşaçılarla son mərhələdə ənənəvi dialoqu sizə təxminən təqdim edirəm”
-Alo, İlqar müəllimdi danışan?
-Bəli, buyurun.
-Vaxtinızı aldığım ücün üzr istəyirəm. Deyə bilərsiniz, o pişik vardi ha Məsi, doğrudan danışırdı?
-Bəli.
-Axı efirə vermədiniz…
-Necə verim, heyvan ermənicə danışdı; verib, özümüzü biabır eləyəydik. Guya, vəziyyəti bilmirsiniz? Bədnam qonşularımız deyəcəkdilər ki, bunların pişiyi də bizim dildə danışır, Qarabağa sahib çıxmaq keçir könüllərindən…
-Hə… Vay-vay, heyvana bax e-e, ermənicə bilir… Yaxşı, başa düşdüm. Bağışlayın, vaxtınızı aldım…