Türkiyənin Adana şəhərində telefon mağazasına edilən oğurluq anları təhlükəsizlik kamerasına saniyə-saniyə düşüb. AzPost İHA-ya istinadla xəbər verir ki, şübhəlilər mağazanın şüşələrini daş ilə sındıraraq içəri daxil olub və müxtəlif elektron cihazları oğurlayıblar.
Hadisə Adananın Seyhan rayonunun Yeşilyurt məhəlləsində, Karafatma küçəsində yerləşən telefon mağazasında baş verib. Şəxsiyyəti hələlik müəyyən edilməyən, üzlərini kapüşon və motosiklet dəbilqəsi ilə gizlədən iki nəfər parke daşı ilə mağazanın şüşələrini qıraraq içəri girib.
Şübhəlilər mağazadan mobil telefonlar, planşetlər və digər məhsulları götürərək hadisə yerindən qaçıblar. Oğurluq anları isə təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Hadisədən sonra polis əməkdaşları qaçan oğurluq şübhəlilərinin saxlanılması istiqamətində araşdırmalara başlayıb.