Deputat oteldə maskasız mübahisə etdiyinə görə cərimələnib

28 İyun 2021 - 09:36

Səbail rayon Polis İdarəsi Milli Məclisin deputatı Ramil Həsənov, onu müşaiyət edən şəxslər və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Muxtar Mustafayev arasında dünən  Bakıdakı “Four Seasons” otelində baş vermiş çəkişmə barədə araşdırma aparıb.

DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a bildirib ki, araşdırma nəticəsində həmin çəkişmədə 10 nəfərin iştirakı müəyyən olunub. Onların hamısı Səbail rayon Polis İdarəsinə dəvət olunublar. Araşdırma nəticəsində müəyyən olunub ki, otelin foyesində sözlü mübahisə baş verib.

Ancaq Milli Məclisin deputatı Ramil Həsənov karantin rejiminin tələblərini pozub və qapalı məkanda tibbi maskadan istifadə etməyib. Bununla bağlı deputat İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə cərimələnib. Vəkil Muxtar Mustafayevə isə xəbərdarlıq edilib.

Qalmaqala səbəb M.Mustafayevin peşə fəaliyyətini yerinə yetirərək Nəsimi Rayon Məhkəməsinin iclasında Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak etməsi olub.

Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.