Dövlət Sərhəd Xidməti (DSX) mebel inventarlarının cari və əsaslı təmiri ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Foriella” şirkəti seçilib. DSX təmir işlərinə görə şirkətə 496 190 manat ödəyəcək. Bu məbləğə 10 500 ədəd dəmir karkaslı kətil və 500 ədəd iki yaruslu mebel çarpayılar təmir olunmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Foriella” MMC 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 80 010 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 11, mənzil 4-də yeləşir. MMC-nin qanuni təmsilçisi İslamlı Fərman Fərrux oğludur.
Fərman İslamlı haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Baxmayaraq ki, “Foriella” MMC kifayət qədər tanınmış şirkətdir. Hətta “Foriella” Azərbaycanın ən iri mebel istehsal edən şirkəti kimi tanınır.
Belə bir şirkətinin rəhbərinin populyar olmaması səsbəbsiz deyil. Məsələ burasındadır ki, “Foeriella” şirkət Azərbaycanın deputatlarından birinə məxsudur. Bu barədə mediada da kifayət qədər yazılıb və təkzib edilməyib. Həmin deputat Məşhur Məmmədovdur.
Məşhur Məmmədov həm də başqa bir mebel şirkəti olan “Embawood”un təsisçilərindən biri kimi tanınır. “Foriella” şirkətinin tenderlərdə aktiv faəliyyəti Məşhur Məmmədov faktoru əlaqələndirilir.
Şirkət əsasən DSX-nin tenderlərinin qalibi seçilir. Bundan əvvəl “Foriella” DSX-nin mebel inventarlarının satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 4 573 980,9 manatdır. Beləliklə, aydın olur ki, “Foriella” şirkəti cari ildə təkcə DSX-dən 5 milyon manatdan artıq sifariş alıb.
Ötən il isə şirkət DSX-nin 4 tenderinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 5 345 110,22 manatdır.