“Deyirdim Rusiya ilə münasibəti düzəldək, adımı agent qoydular” –Zərdüşt Əlizadə

“90-cı illərin əvvəllərində deyirdim ki, Rusiya ilə münasibətləri düzəltmək lazımdır. Mənim haqqımda deyirdilər ki, agentidir, “KQB”şnikdir, kommunistdir, Rusiyaya satılıb. Həmin vaxt bizim əyalət təsəvvürlü kəmsavad siyasətçilərimiz sadə həqiqətləri başa düşmək istəmirdilər”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə Azpost.info-ya verdiyi müsahibədə Azərbaycan və Rusiya münasibətlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, belə mövqeyə görə, o zaman Rusiya Azərbaycanı cəzalandırdı, Qarabağı aldı və Ermənistana verdi.

“Ermənistanda əyalət təfəkkürlü Paşinyan kimi rəhbərlər hakimiyyətə gəldi, Moskvaya kəllə atmağa başladılar. Gürcüstanda da eyni vəziyyət yaşandı. Rusiyanın regiondakı mövcud gücünü nəzərə almayan siyasətçilər ona qarşı təbliğata cəhd etdilər. Əvəzində Moskva nə etdi? Saakaşvilini həbs elədilər, özlərinin yaxın adamlarından biri Bidzina İvanişvilini hakimiyyətə gətirdilər. İvanişvili gürcü xalqının Rusiya ilə əlaqədar düşüncələrini yavaş-yavaş dəyişməklə əhval-ruhiyyəsinə təsir etdi və nəticədə də Rusiya ilə normal münasibətlər bərpa edildi. Gürcüstanın nə iqtisadi, nə də hərbi gücü Rusiya ilə bacarmaq üçün kifayət deyil”-deyə Z.Əlizadə vurğulayıb.

Politoloq qeyd edib ki, Ermənistanın, Gürcüstanın, Azərbaycanın Rusiya ilə kəllə-kəlləyə gələcək qədər gücü yoxdur. “Bu dövlətlər Rusiya ilə münasibətləri həmişə balanslı yürütməyə məhkumdurlar. Ona görə Azərbaycan hakimiyyəti əvvəl Heydər Əliyev, daha sonra Prezident İlham Əliyev çox güclü siyasət yeritdilər və Rusiyanın ölkəmizə qarşı olan təhdidlərini neytrallaşdırdılar”.

Z. Əlizadə xatırladıb ki, 2007-ci ildə NATO Baş katibi Ukrayna, Moldova və Gürcüstanla bağlı çıxışında aşkar şəkildə  bu dövlətlərin Alyansın tərkibinə qoşulması mümkün olmadığını bəyan edib.

Onun sözlərinə görə, Rusiya anladı ki, Qafqazda Azərbaycana qarşı mövqe sərgiləmək özünün də dövlət maraqlarına ziddir: “Bu gün isə şimal qonşularımız Azərbaycanla hansısa xoş münasibətlər qurmağa çalışır. İndi şimal qonşumuzun əvvəlki təxribatçı missiyasını Fransa həyata keçirir. Hesab edir ki, Azərbaycana qarşı təzyiq etmək üçün hansısa qərəzli mövqe tutmaq mütləqdir. Azərbaycanı nəyəsə məcbur etmək lazımdır. Bu çox yanlış mövqedir”.

Azpost.info

 

Əvvəlki məqalə

Sabah hava necə olacaq?

Sonrakı məqalə

“Trampın “öncə Amerika” konsepsiyası dünya və Avropa üçün təhlükəlidir”