“Dövlət məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. Burada heç bir inzibati tədbirdən söhbət getmir”.
Azpost.info bildirir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib.
Şöbə müdirinin sözlərinə görə, dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. “Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib”.
Qeyd edək ki, ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.
Test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.
Azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.
Test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər.