Azərbaycanda beynəlxalq və respublika fənn olimpiadalarının, eləcə də beynəlxalq müsabiqə və yarışların qalibləri ali təhsil müəssisələrinə imtahansız qəbul olunmaq hüququ qazanırlar.
AzPost xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına əsasən, qeyd olunan yarışların qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul imkanına malikdirlər.
Bu hüquq beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalına sahib olan, IX-XI siniflər üzrə respublika olimpiadasında ilk üç yeri tutan və ya beynəlxalq müsabiqə və yarışlarda (15 yaşdan yuxarı yaş qrupunda) laureat olmuş şəxslərə şamil edilir. Beynəlxalq olimpiada və müsabiqə qalibləri təhsil səviyyəsini bitirdikdən sonra növbəti 2 və ya 5 tədris ili ərzində yalnız bir dəfə bu hüquqdan istifadə edə bilərlər.
Mərkəz bildirib ki, müsabiqədənkənar qəbul üçün abituriyentlər 4 – 30 iyun 2025-ci il tarixlərində təsdiqlənmiş “Abituriyent elektron ərizəsi” formasının surətini, qalib olduqlarını təsdiqləyən sənədin fotosurətini və notarial qaydada təsdiq olunmuş Azərbaycan dilində tərcüməsini təqdim etməlidirlər. Sənədlər Bakı şəhəri, akademik H.Əliyev küçəsi 299 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq.
Qeyd edilib ki, Mərkəz təqdim edilən sənədlərin həqiqiliyini və şəxsə məxsusluğunu müvafiq beynəlxalq və yerli qurumların məlumat bazası üzərindən yoxlamaq səlahiyyətinə malikdir. Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmaq istəyənlər isə əlavə olaraq sağlamlıq arayışı, tərcümeyi-hal və digər sənədləri də təqdim etməlidirlər.
Xatırladaq ki, qəbul olunan ixtisasların və olimpiadaların siyahısı Nazirlər Kabinetinin qərarında əksini tapıb.