DİM imtahanlarda növbəti dəfə texniki səhvə yol verib– Sistem niyə təkrarlanan səhvlərlə işləyir?

DİM
DİM

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 1-də keçirilən qəbul imtahanında riyaziyyat fənni üzrə bir tapşırığın texniki baxımdan səhv olduğunu etiraf edib. Mərkəz açıqlamasında həmin sualın iştirakçılar tərəfindən düzgün cavablandırılmış kimi qiymətləndiriləcəyini bildirib.

AzPost xəbər verir ki, mövzuya münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, bu cür səhvlər artıq istisna deyil. Onun sözlərinə görə, demək olar ki, son illərdə keçirilən hər imtahan sessiyasında oxşar texniki uyğunsuzluqlar qeydə alınır.

“Qəbul imtahanlarında suallar test bazasına daxil edilməzdən əvvəl yoxlanılır, imtahan günü isə xüsusi bunkerdə iki mütəxəssis tərəfindən bir daha təsdiqlənir. Buna baxmayaraq, texniki səhvlərin təkrar baş verməsi sistemin özündə problemin və ya məsuliyyət boşluğunun olduğunu göstərir”, – deyə Gündüz bildirib.

O qeyd edib ki, belə halların görünüşcə xırda olsa da, abituriyentlər üçün ciddi stress və vaxt itkisi yaratdığını nəzərə almaq lazımdır. Həmin sual üzərində düşünərkən sərf olunan enerji və vaxt digər sualların cavablandırılmasına da mənfi təsir göstərir.

“Valideynlər, müəllimlər və məktəb mühiti üçün də bu cür texniki boşluqlar narahatlıq doğurur. DİM-in bu səhvləri sonradan sadəcə texniki nasazlıq kimi təqdim etməsi isə düzgün yanaşma deyil”, – deyə ekspert vurğulayıb.

Osman Gündüz çıxış yolu kimi süni intellekt texnologiyalarının bu proseslərə inteqrasiyasını təklif edib. Onun fikrincə, DİM-in mövcud İT imkanları bu sahədə yenilikləri tətbiq etmək üçün kifayət qədər genişdir.

“Süni intellektə əsaslanan sistemlər imtahan tapşırıqlarının texniki baxımdan avtomatik analizinə, məntiqi uyğunluğuna və düzgünlüyünə nəzarət edə bilər. Bu yanaşma həm səhvlərin minimuma endirilməsinə, həm də ictimai etimadın bərpasına töhfə verər”, – deyə o əlavə edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.