DİM keçid balı barədə aparılan müzakirəyə aydınlıq gətirib

“Yanvarın 22-də “Ali təhsil haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış İşçi qrupunun videokonfrans formatında görüşündə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən keçid ballarının aşağı salınması ilə bağlı hər hansı təklif səsləndirilməyib, “keçid balının aşağı salınması” ifadəsi də düzgün deyil”. 

Bu barədə DİM-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib.   

Qurumdan bildirilib ki, keçid balı DİM və ya hər hansı digər qurum tərəfindən müəyyənləşdirilmir: “Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Hazırkı müsabiqə şərtlərini isə ali təhsil müəssisələrinə qəbul prosesinin tənzimlənməsində qaneedici hesab etmək olar. Belə ki, 2020-ci il, həmçinin daha əvvəlki illərdə aparılan qəbul imtahanlarının nəticələrinə baxsaq, statistik göstəricilərin bir-birinə yaxın olduğunu görərik”.

DİM-in məlumatında vurğulanır ki, pandemiyanın təlim-tədris prosesinə mənfi təsirinin qarşısının alınması üçün digər addımların – imtahan proqramlarının sadələşdirilməsi, imtahanın strukturunda edilən dəyişikliklərin həyata keçirilməsi məqsədəuyğundur və ötənilki imtahanlarda da bu addım öz müsbət nəticəsi göstərib: “Bu, işçi qrupunun ilk iclaslarındandır. Müzakirələr davam etdiriləcək. Ona görə də iclasda səslənən məsələlərlə əlaqədar yekun fikir söyləmək hələ tezdir”.

Qeyd edək ki, yanvarın 22-də “Ali təhsil haqqında” Azərbaycan Respublikası qanunu layihəsinin hazırlanması məqsədi ilə yaradılmış işçi qrupunun videokonfrans formatında görüşü keçirilib. İclasda müxtəlif fikirlər və təkliflər səsləndirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilib ki, videokonfrans formatında görüş Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə beynəlxalq imtahanlar, ali təhsilin beynəlmiləlləşməsi haqqında, ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin qiymətləndirilməsi, qəbul imtahanlarında keçid ballarının aşağı salınması, qəbul planının artırılması və digər məsələlər barədə fikirlərini bölüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ-ın daha bir ştatında Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edilib

Sonrakı məqalə

Baş nazir müxalifət partiyasının sədrinin həbsinə görə istefa verib-