Dövlət İmtahan Mərkəzi (DİM) qanunvericilik fənni üzrə tanınmış müəllim Turan Məmmədlinin may ayında dövlət qulluğuna qəbulla bağlı keçirilən imtahanlarda hüquqa zidd addım atılması, bəzi şəxslərə əvvəlki sualların təkrar verilməsi ilə bərabərlik prinsipinin pozulması barədə səsləndirdiyi fikirlərlə bağlı mövqe bildirib.
DİM-dən Pravda.az-ın sorğusuna cavab olaraq deyilib ki, Dövlət İmtahan Mərkəzi inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul olmaq üçün hər ay test imtahanları təşkil edir, imtahanlarda istifadə olunan test tapşırıqları və onların məzmunu mərkəz tərəfindən müəyyən olunur.
“Bu baxımdan səsləndirilən ittihamlar tamamilə əsassız xarakter daşıyır. Burada söhbət hansı hüquqazidd əməldən gedir, aydın deyil. Məsələnin mahiyyəti başqadır. Məlumdur ki, test imtahanının məqsədi iştirakçılara imtahandan keçdiyini təsdiq edən sertifikat verməkdir, lakin bəzi insanlar imtahana başqa məqsədlə gəlirlər. Belə ki, hazırlıq fəaliyyəti ilə məşğul olan bir qrup insan uzun müddətdir, mütəmadi şəkildə test imtahanlarında iştirak edir. Otuz, qırx, hətta altmış dəfə eyni imtahanda iştirak edənlər var və əsasən hazırlıqla məşğul olduğu yalnız bir fənn blokuna aid tapşırıqlara cavab verirlər. Onların əsas məqsədi sertifikat almaq deyil, sadəcə, imtahanda istifadə olunan test tapşırıqlarını kənara çıxartmaqdır. Bunun üçün bəzən əlavə kağız və ya salfet vasitəsilə sualları köçürməyə də cəhd edirlər. Bütün bunlar imtahan qaydalarının kobud surətdə pozulmasıdır. Həmin şəxslər həmçinin sualları öz hazırlıq qrupları iştirakçıları arasında və ya sosial şəbəkə hesablarında paylaşmaqla digər insanların da hazırlığa qoşulmalarını təhrik edirlər. Bu da imtahana özü hazırlaşmaq istəyənlər arasında haqlı narazılığına səbəb olur və DİM-ə bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Bir daha xatırladırıq, hər kəs imtahanın mahiyyəti və məqsədinə uyğun olaraq orada iştirak etməlidir və sui-istifadə hallarına yol verilməməlidir. İmtahanda iştirakçılara təqdim olunan tapşırıqların məzmununu isə yuxarıda qeyd etdiyimiz kimi, Mərkəz müəyyən edir və hər kəsin öz bilik-bacarığına uyğun qiymətləndirilməsi aparılır”, – açıqlamada qeyd olunub.
Xatırlatma: T.Məmmədli imtahanda iştirak edən şəxslərin bir qisminə əvvəllər sosial şəbəkələrdə geniş müzakirə olunan, əvvəlki imtahanlara salınmış, hər kəsin bildiyi sual nümunələrinin təqdim olunduğunu, bununla da yüksək sertifikat əldə etdiklərini iddia edib.