Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Bərdə şəhərində ictimai-asayişi kobud sürətdə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olmaqla ciddi qanun-pozuntularına yol verən şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
Nazirlikdən verilən məlumata görə, əldə edilən əməliyyat məlumatlarında bir qrup cinayət törətməyə meyilli şəxsin Bərdə şəhərində narkotik vasitələrin satışı, yaşadıqları mənzillərdə qanunsuz olaraq odlu və soyuq silah-sursat saxlamaları, eləcə də silsilə xuliqanlıq hərəkətlərin törətmələri öz əksini tapıb. Həmin məlumatlar təhlil edilərək öyrənilib və qeyd edilən faktlar hərtərəfli araşdırılıb.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə və Baş Narkotiklərlə Mübarizə İdarələri, eləcə də Bərdə Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən avqustun 27-də birgə keçirilən əməliyyatlar zamanı yuxarıda sadalanan qanun pozuntularını törətməkdə şübhəli bilinən, əvvəllər müxtəlif cinayətlər törətdiklərinə görə dəfələrlə məhkum olunmuş 11 nəfər Bərdə rayon sakini – Dilqəm Səfərov, İmadi Əbdüləzimov, Xəlil Heydərov, Ayxan Abbasov, Rizvan Məmmədov, İmdad Abdullayev, Zaur Hacıyev, Musa Şərifxanov, Xəqani Məmmədov, Ehtiram İsayev və Sevdiyar Əzizov saxlanılıblar. Onların üstlərinə və yaşadıqları evlərə baxış zamanı külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr, 1 ədəd “Naqan” tipli tapança, çoxlu sayda soyuq silah kimi istifadə olunan kəsici-deşici alətlər, elektron tərəzilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Göstərilən şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmaqla onlar barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər tərəfindən törədilmiş digər cinayət faktlarının müəyyən edilməsi məqsədi ilə müvafiq istintaq-əməliyyat tədbirləri davam etdirilir.