DİN: Ötən gün 2218 nəfər “COVID-19” pasportu olmadığına görə toylara buraxılmayıb

27 İyul 2021 - 10:48

İyulun 26-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 190 toy şənliyinin monitorinqini həyata keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə,4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib.

83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub,1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib.

2218 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.