Təhsil haqqında dövlət sənədləri və dublikatları elektron formada veriləcək
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsinə dair yeni qaydalar”da əksini tapıb.
Bununla əlaqədar “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli Qərarı ləğv edilib.
Ali təhsil pilləsinin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələrində təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS)
“Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı veriləcək.
Orta ixtisas təhsilini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada TMİS-də elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi – diplom (diploma əlavə ilə birlikdə) veriləcək. Bu Qayda qüvvəyə mindiyi tarixədək verilmiş təhsil haqqında dövlət sənədləri itirildikdə, korlandıqda və ya məhv olduqda, diplomalanın müraciətinə əsasən elektron sənəd formasında yaradılan diplomun dublikatı veriləcək.