Türkiyənin ingilis dilində çıxan “Daily Sabah” qəzetində “Diplomatiyada yeni era: Türkiyəni dəstəkləyən qalib gəlir” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi beynəlxalq münasibətlər üzrə mütəxəssis, professor Mühiddin Atamandır. Novator saytı məqaləni ingiliscdən çevirib.
Azpost.info məqaləni oxucularına təqdim edir:
Bu gün diplomatiya dünyasında zəfər küləkləri Ankaraya sarı əsir. Onu illərlə təcrid edən dövlətlər xüsusilə NATO-nun Brüsseldə keçirilən sammitindən sonra Türkiyənin bu illər ərzində necə güc yığdığını gördülər.
2011-ci ildə ərəb ölkələrində üsyanlar başlananda bir sıra dövlətlər Türkiyəni təcrid vəziyyətinə salmışdı.
Bölgənin Yunanıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı kimi bir neçə dövləti Türkiyəsiz regional təşəbbüslərlə çıxış etməyə başlamışdı.
Ankara Qərbə öz ənənəvi iqtisadi-siyasi dəyərlərinə sadiq qalmağın və beynəlxalq normalara, beynəlxalq qurumların qərarlarına hörmətlə yanaşmağın zəruriliyini israrla xatırlatsa da, Qərb ölkələrinin çoxu, xüsusilə ABŞ Türkiyəyə saymazyana yanaşır, Ankaranı kənarlaşdırma xəttini davam etdirirdi.
Yumşaq və sərt güclər
Ancaq Türkiyənin öz yumşaq və sərt gücündən uğurla yararlanması bütün bu cəhdləri, təşəbbüsləri iflasa uğratdı.
Türkiyə dünyanın aparıcı donor ölkələrindən birinə çevrildi. İndi o, ayrı-ayrı qitələrdə yerləşən ən müxtəlif ölkələrin inkişafına dəstək verir, həmin ölkələrə humanitar yardımlar göndərir.
Öz yumşaq gücünü ağılla artıran Türkiyə çoxtərəfli platformalara və görüşlərə ev sahibliyi etməklə beynəlxalq siyasi mərkəzlərdən birinə çevrilməyə çalışır.
O biri yandan da Türkiyə bir neçə regional böhrana – Qətər və Liviya böhranlarına, Somalidəki, Suriyadakı vətəndaş müharibələrinə, eləcə də Qarabağ müharibəsinə hərbi müdaxilə etməklə öz sərt gücünü nümayiş etdirir.
Türkiyənin təkcə elə son həftələdəki diplomatik təmaslarına nəzər yetirsək, rəqiblərinin 10 il ərzində beynəlxalq siyasi arenadan kənarda tutduğu bu ölkənin yalnız regionda deyil, bütövlükdə qitədə beynəlxalq siyasətin ən fəal oyunçularından birinə çevrildiyini görərik.
NATO-nun bu ay keçirilən Brüssel sammitini və Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla ABŞ-ın yeni prezidenti Cozef Baydenin toplantı çərçivəsində görüşünü müşahidəçilərin əksəri səbirsizliklə gözləyirdi.
NATO sammiti
NATO sammiti Türkiyə üçün danılmaz bir uğur oldu. Bu sammitdə ABŞ-ın və alyansın digər aparıcı üzvlərinin məqsədi ilk növbədə Ağ evin əvvəlki rəhbəri Donald Trampın və Fransa prezidenti Emmanuel Makronun NATO-ya qarşı yönəlmiş mövqeyinin ziddinə hərəkət edərək təşkilatı toparlamaq idi.
Alyans üzvlərinin NATO-ya diqqəti artırması isə öz növbəsində Türkiyəyə diqqəti artırır, Türkiyənin alyansdakı mövqelərini möhkəmləndirir.
Sammit çərçivəsində ayrıca görüşən Ərdoğanla Bayden ikitərəfli münasibətlərdə pozitiv ab-hava yaratmaq barədə razılığa gəldilər.
Bundan başqa, zirvə toplantısında Ərdoğan Türkiyənin iki rəqibi ilə – Emmanuel Makronla və Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə də görüşdü.
Türkiyə və onun lideri Ərdoğan ölkənin əhəmiyyətini və təsir gücünü dünyaya göstərmək üçün son dövrdə daha iki mühüm addım atıb.
Birinci addım NATO sammitindən az əvvəl Türkiyənin Liviyaya yüksək səviyyəli nümayəndə heyəti göndərməsidir.
Şuşa addımı
İkinci addım NATO sammitindən dərhal sonra atılıb.
Ərdoğan və onun komandası Brüsseldən birbaşa Azərbaycana yollandı. Ərdoğan işğaldan azad edilmiş Qarabağ bölgəsinə getdi və bölgənin tarixi və mədəni mərkəzi olan Şuşa şəhərində Azərbaycanla müttəfiqlik münasibətləri haqqında bəyannamə imzaladı.
Türkiyə və Azərbaycanın bu bəyannamədə məqsədi 2020-ci ilin Qarabağ müharibəsində qazanılan uğurları möhkəmləndirməkdir.
İki ölkə arasında inteqrasiyanı daha da dərinləşdirmək yolunu tutan Türkiyə ilə Azərbaycanın bir məqsədi də türklər arasındakı əməkdaşlığı Mərkəzi Asiyanın türk dövlətlərinədək yayıb genişləndirməkdir.
Ərdoğan Bakıdan birbaşa Antalya şəhərinə getdi, Türkiyənin bu şəhərdə ev sahibliyi etdiyi iki mühüm siyasi tədbirdə – Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesi sammitində və Antalya Diplomatik Forumunda iştirak etdi, nitq söylədi.
Türkiyə prezidenti və xarici işlər naziri (Mövlud Çavuşoğlu) bu tədbirlər çərçivəsində dünyanın müxtəlif guşələrindən gəlmiş 50-dən çox dövlət və hökumət başçısı, xarici işlər nazirləri ilə danışıqlar apardılar.
Ərdoğanın diplomatik öhdəlikləri Türkiyənin yüksək çinli rəsmilərinə ölkənin xarici siyasətini normallaşdırmaq və yeni təşəbbüslər başlatmaq üçün geniş imkanlar açır.
Bütün bu addımların nəticəsində Türkiyə onu tamamilə təcrid etməyə çalışan rəqib ölkələrin qurduğu mühasirəni yarıb keçdi.
Başqa sözlə desək, Türkiyə onun əleyhinə olan bütün layihələri və niyyətləri puça çıxardı.
Münasibətləri normallaşdırmaq istiqamətində atılan addımlar göstərdi ki, anti-Türkiyə mövqeyinin perspektivi yoxdur, bu, uzun müddət duruş gətirə biləsi bir mövqe deyil və Türkiyəni təcrid etmək siyasəti onun rəqiblərinə çox baha başa gəlir.
Mühiddin Ataman
Mənbə: Dailysabah.com