Doğru qərar qəbul etməyimizə mane olan 5 mental səhv hansıdır?

Tədqiqatçılar və iqtisadçılar uzun müddət inanırdılar ki, insanlar hər zaman məntiqli və düşünülmüş qərarlar qəbul edirlər. Buna baxmayaraq, son onilliklər ərzində elm adamları təfəkkürümüzün nüfuzuna xələl gətirən çox sayda zehni səhv aşkar etdilər. 

Zaman-zaman düzgün qərarlar qəbul edə bilirik, amma əksər hallarda duyğularımızdan çıxış edərək qəribə və irrasional bir seçim edirik. Doğru qərar qəbul etməyimizə mane olan zehni səhvlər aşağıdakılardır:

  1. Sağ qalan şəxsin sistematik səhvi  Bu gün demək olar ki, bütün populyar onlayn-media sağ çıxan şəxsin sistematik səhvləri ilə doludur (ing. survivorship bias). “Uğurlu insanın hər gün etdiyi 8 şey”, “Riçard Brensonun aldığı ən yaxşı məsləhət” və ya “Lebron Ceyms fəsillər arası necə məşq edir” – bütün bunlar sağ qalan şəxsin sistematik səhvləridir.

Sağ qalan çıxmış şəxsin sistematik səhvləri dedikdə, bütün diqqəti qaliblərə yönəltmək və onlardan dərs götürmək meyli nəzərdə tutulur. Unutmayın ki, qaliblərin istifadə etdikləri strategiyadan yararlana bilməyən insanlar da var – yəni, istifadə ediblər, amma məğlub olublar. Hərçənd ki, onların da təcrübəsini nəzərə almaq lazımdır.

Lebron Ceyms kimi məşq edən minlərlə idmançı var, amma onların heç biri NBA-ya daxil ola bilməyib. Problem ondadır ki, bu zirvəyə çıxa bilməyən minlərlə idmançı haqqında heç kimin xəbəri belə olmayıb. Biz yalnız “sağ qalan” insanlar haqqında eşidirik. Digər bir misal: “Riçard Brenson, Bill Qeyts və Mark Çukerberg təhsilini yarımçıq qoyub milyarder oldular! Uğur qazanmaq üçün məktəbə ehtiyac yoxdur. Sahibkar olmaq istəyirsinizsə, təhsilə vaxt itirmədən işə başlayın”.

Brenson, Qeyts və Çukerberg kimi uğurlu şəxslərlə yanaşı, təhsilin başını buraxıb borc içinə girən, iflas edən sahibkarlar da var. Qaliblər hər zaman dillərdə olurlar, məğlub olmuş şəxslər isə unudulurlar. Buna görə də, bu və ya digər strategiyanın müvəffəqiyyətli olub-olmayacağına əmin olma olmaz.

  1. İtirmək qorxusu

İtki qorxusu (ing. loss aversion) qazanc yolunda itkilərin qarşısını almaq meylimizə aiddir. Tədqiqatlar göstərir ki, kimsə sizə 10 dollar versə, bundan çox da məmnun olmayacaqsınız. Lakin 10 dollar itirsəniz, xeyli pis olacaqsınız. Bəli, reaksiyalar fərqli olsa da, ölçü baxımdan eynidirlər.

Zərərdən qaçınmaq meyli bizi axmaq qərarlar qəbul etməyə və davranışımızı dəyişdirməyə məcbur edir. Biz sahib olduğumuz şeyləri qorumağa çalışırıq və bu, yanlış qiymətləndirməyə gətirib çıxara bilər.

Məsələn, yeni ayaqqabı alsanız, özünüzü çox da məmnun hiss etməyəcəksiniz. Əgər bu ayaqqabını heç vaxt geyinə bilməsəniz və bir neçə aydan sonra onları satmaq qərarına gəlsəniz, bu addım sizin üçün inanılmaz dərəcədə ağrılı ola bilər. Siz bu ayaqqabını heç vaxt geyinməmisiniz, amma yenə də onlardan ayrıla bilmirsiniz. İtirmək qorxusu. Eyni zamanda, işə gedərkən bütün işıqforlar sizin üçün yaşıl işıq yandırsalar, bundan çox da məmnun olmayacaqsınız. Ancaq avtomobil sürücüsü qarşınızda bir az tərəddüd etsə və yaşıl işıqda keçmək fürsətini əldən verməsiniz, keçirdiyiniz hirs hissi əvvəlki məmnuniyyətdən qat-qat güclü olacaq.

  1. Əlçatanlıq evristikası

Əlçatanlıq evristikası (ing. availability heuristic) – beynimizin tez-tez etdiyi səhvlərdən biridir, insan ağlına gələn nümunələrin hər şeydən vacib olduğunu düşünməyə başlayır.

Harvard universitetinin professoru Stiven Pinker hesab edir ki, hal-hazırda biz bəşəriyyətin ən az qəddar olduğu dövründəyik. Qətl, intihar, təcavüz və uşaqlara qarşı zorakılıq hallarının sayı durmadan azalır.

Bir çox insan bu statistikanı eşidəndə təəccüblənir, bəziləri heç inanmır. Əgər tarixin ən dinc vaxtında yaşayırıqsa, o zaman dünyada niyə bu qədər müharibələr var? Niyə hər gün haradasa birinin öldürüldüyü və ya təcavüzə məruz qaldığını öyrənirik? Əlçatanlıq evristikasına xoş gəlmisiniz!

Cavab çox sadədir – biz hər hansısa hadisə barədə dərhal xəbər ala biləcəyimiz dövrdəyik. Budur ki, fəlakət və ya cinayət haqqında məlumatlar həmişəkindən daha tez yayılır. İnternetə daxil olun və son hadisələr haqqında oxuyun. Çox güman ki, öyrəndiyiniz məlumatlar dünyanın heç bir qəzetində sığmaz (həcm o qədər böyükdür ki!).

Təhlükəli hadisələrin ümumi faizi azalsa da, onlar haqqında eşitmək ehtimalı artır. İnformasiya əlçatan olduğundan, beynimiz bu kimi hadisələrin daha tez-tez baş verdiyini hesab edir. Biz xatırladığımız hadisələrə daha yüksək dəyər veririk, heç vaxt eşitmədiyimiz hadisələri isə obyektiv qiymətləndirə bilmirik.

  1. Bağlanma effekti (lövbər) 

Evimin yaxınlığında bir kafe var və orada bişirilən pendirli burgerlər çox dadlıdır. Menyuda böyük həriflərlə yazılıb: “BİR BURGER ÜÇÜN MAKSİMUM OLARAQ 6 NÖV PENDİR SEÇƏ BİLƏRSİNİZ”. Ağlıma ilk gələn fikir: bu, absurddur. Axı altı növ pendir kimə lazımdır?

İkinci fikir: mən olsaydım, hansı pendir növünü seçərdim?

Bağlanma effekti (və ya lövbər; ing. anchoring) haqqında öyrəndikdən sonra, kafe sahiblərinin nə qədər ağıllı olduğunu başa düşdüm. Bir qayda olaraq, insanlar bürger sifariş etdikdə yalnız bir növ pendir seçirlər. Lakin hər dəfə “BİR BURGER ÜÇÜN MAKSİMUM OLARAQ 6 NÖV PENDİR SEÇƏ BİLƏRSİNİZ” yazısını görəndə, beynim daha çox pendir sifariş edə biləcəyimi başa düşürdü və bu fikrə bağlanırdı.

İnsanların əksəriyyəti altı növ pendir sifariş verməyəcək, amma bu bağlanma kifayət edir ki, bürgerin qiyməti bir neçə dollar artıq çıxsın.

Bağlanma effekti ən çox qiymətyaranma sahəsində istifadə olunur: mağazada 500 dollarlıq saatın büdcənizə görə çox baha olduğunu düşünəcəksiniz. Lakin mağazaya girən kimi 5 min dollarlıq, sonra isə 500 dollarlıq saat görsəniz, fikriniz dəyişəcək və 500 dollar gözünüzdə daha böyük olmayacaq.

  1. Nöqteyi-nəzərini təsdiqləmək meyli

Öz nöqteyi-nəzərini təsdiq etmək tendensiyası (ing. confirmation bias) dedikdə, inanclarınızı təsdiqləyən məlumatları axtarmaq və ya yalnız belə məlumatlara üstünlük vermək nəzərdə tutulur. Adətən insanlar onlara zidd olan fikirlərə qarşı görməməzlik edirlər.

Məsələn, bir insan iqlim dəyişikliyi problemini çox mühüm hesab edir və buna görə də ətraf mühitin qorunması, iqlim dəyişikliyi və bərpa olunan enerji mənbələri haqqında oxumağa üstünlük verir. Nəticədə, insan inanclarını təsdiq edərək daha da möhkəmləndirir.

Digər bir insan isə iqlim dəyişikliyinin ciddi problem olduğuna inanmır və iqlim dəyişikliyini mif adlandıran materiallar axtarıb oxuyur. Nəticədə, bu insan da öz inanclarını təsdiq etmiş olur.

Nöqteyi-nəzərini dəyişdirmək göründüyü qədər asan deyil. Bir şeyə nə qədər çox inanırsınızsa, buna qarşı olan məlumatları bir o qədər çox inkar edəcəksiniz.

Digər bir misal. Tutaq ki, Honda Accord avtomobilini əldə etmək istəyirsiniz və sizə görə bu ən yaxşı avtomobildir. Təbii ki, bu avtomobili tərifləyən məqalələr oxuyacaqsınız.

İnsanlar yeni informasiya sevmirlər, onlar bildiklərini təsdiqləməyə çalışırlar. Bu yazını oxuduqdan sonra ağlınızda belə bir sual canlanmalı idi: bu səhvləri etməmək üçün nə etmək olar?

Elə düşünün ki, beynin istifadə etdiyi etiketlər həmişə faydalı olmasa da, bəzən işinizə yarıya bilər. Bu səbəbdən onlardan qurtulmaq lazım deyil. Problem ondadır ki, beynimiz bu funksiyaları o qədər yaxşı yerinə yetirir ki, nəticədə özümüzə zərər vermiş oluruq. Belə hallarda problemin ən yaxşı həll yollarından biri özünü tanımaq olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanın otellərində ən çox hansı ölkədən gələn turistlər pul xərcləyir?

Sonrakı məqalə

Çindən qayıdan 7 azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirilib –