Dövlət Komitəsi:

"Azərbaycanda heç vaxt feminizm hərəkatı olmayıb"
06 Mart 2020 - 13:36

“Vaxt var idi qadın hüquqları yalnız vətəndaş cəmiyyəti tərəfindən təşkil olunan bir mövzu idi. Bu mövzuya o qədər də ciddi yanaşılmırdı. Biz Bu məsələ artıq dövlət siyasətinin prioritet məsələsi kimi qaldırılır”.

APA-nın məlumatına görə, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Aİ-nin Şərq Qonşuları layihəsi ilə birlikdə Azərbaycanda fəaliyyət göstərən aparıcı KİV nümayəndələri üçün keçirdiyi qeyri-rəsmi görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib. Onun sözlərinə görə, Azərbaycan bu gün bəlkə də dünya ölkələri sırasında çox az dövlətlərdən biridir ki, sırf qadın hüquqları ilə bağlı xüsusi dövlət orqanı var: “Bir çox ölkələrdə bu siyasət bir çox nazirliklərin tərkibində həyata keçirilir. Bu gün dünyada hələ də qadın problemləri, ayrı-seçkilikdən əziyyət çəkən çox sayda qadın var. Təbii ki, Azərbaycanda da problemli qadınlar var. Xəbərləri oxuyanda görürük ki, 8 mart ərəfəsində qadın hüquqları ilə bağlı çoxlu tədbirlər keçirilir və bunun fonunda çox təəssüf ki, zorakılığa məruz qalmış, döyülən qadınlar haqqında da oxuyuruq. Yəqin ki, vaxt gələcək, bu məsələ ilə bağlı dəyişiklikləri hiss edəcəyik. Bu məsələyə gender əsaslı zorakılıq deyirik. Qadın məhz qadın olduğu üçün zorakılığa məruz qalır”.

T.İbrahimova deyib ki, cəmiyyətin inkişafında qadın əsas hərəkətverici qüvvədir: “Azərbaycanda heç vaxt feminizm hərəkatı olmayıb. Ölkədə ziyalı, maarifçi qadınlar hərəkatı olub və onlar həmişə cəmiyyətə öz töhfələrini veriblər. Bununla belə, bu gün yenə də qadınlara qarşı zorakılıq hallarının olması yolverilməzdir”.

Komitə nümayəndəsi qeyd edib ki, bu gün ölkədə məişət zorakılığının qarşısının alınması üçün qanun var: “Azərbaycanda 300-ə yaxın qadın hüquqları ilə məşğul olan QHT mövcuddur. Onlar da fəaliyyət göstərirlər, dövlətdən dəstək alırlar. Beynəlxalq təşkilatlar da layihələrdə hər zaman gender əsaslı məsələlərə diqqət edirlər. Artıq Azərbaycanda 9 qadın resurs mərkəzi fəaliyyət göstərir. 2011-ci ildən bəri 265 qadın sahibkar fəaliyyət göstərir və onların biznesi davamlıdır, çünki fəaliyyətlərini inkişaf etdirirlər”.