“Döyüş əməliyyatları İran ərazilərindən xeyli uzaqlıqda aparılır” –

Nazirlik Ermənistanın məlumatını "yalan" adlandırdı
03 Noyabr 2020 - 18:26

Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər “boş patronla havaya güllə atmaq” kimidir.

Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cür düşə bilməz.

Göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb.