Dövlət Sərhəd Xidməti (DSX) 2025-ci ilin may ayında sərhəd mühafizəsi, qaçaqmalçılıq və qanunsuz miqrasiya ilə mübarizə tədbirlərini uğurla davam etdirib. AzPost xəbər verir ki, bu müddət ərzində sərhədi pozduğuna görə 27 nəfər saxlanılıb. Onların arasında 7 nəfər Azərbaycan, 5 nəfər İran, 5 nəfər Əfqanıstan, 5 nəfər Pakistan, 3 nəfər Mərakeş, 1 nəfər Yəmən və 1 nəfər Şri-Lanka vətəndaşları var.
Qanunsuz miqrasiya cəhdləri zamanı saxtalaşdırılmış sənədlərlə sərhədi keçməyə çalışan 8 nəfər tutulub. Ümumilikdə sərhəd rejimi qaydalarını pozan 780 nəfər barəsində müvafiq tədbirlər görülüb.
Hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər saxlanılıb və aidiyyəti orqanlara təhvil verilib. Ölkədən çıxışı qadağan edilən 499 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 20 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə 291 kiloqram 941 qram narkotik, həmçinin 564 ədəd güclü təsiredici həb aşkar edilərək dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıqla mübarizə çərçivəsində ümumi dəyəri 3 milyon 793 min 325 manat olan mallar, o cümlədən “Astra” markalı tapançaya aid daraq və 17 patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları müsadirə olunub.
DSX sərhəd mühafizəsinin təminatı istiqamətində tədbirləri davam etdirir.