Qlobal buğda istehsalının 2025-ci ildə 797 milyon ton olacağı proqnozlaşdırılır. Bu isə ötən məhsul ilinə nəzərən 6 milyon ton artım deməkdir.
Azpost.info bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin İcmalında deyilir.
Qiymətlər ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 12 Sentyabr 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Məcmu təklifin həcm göstəricisinin isə 2 milyon ton azalaraq 1062 milyon ton olacağı gözlənilir.
Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 7 milyon ton azalaraq 60 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (384 milyon ton) olacağı gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 9 milyon ton az (444 milyon ton) olacaq.
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 1.8% azalaraq 217 milyon ton olacağı proqnozlaşdırılır.
Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 3.2% azalaraq 136.5 milyon ton, ixracın isə 10.7% azalaraq 76.0 milyon ton olacağı proqnozlaşdırılır.
2024-cü ilin avqust ayında buğdanın qiyməti əvvəlki aya nisbətən dəyişməz olaraq 206 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Rusiya buğdasının ixrac qiyməti avqust ayında əvvəlki aya nisbətən 0.5% azalaraq 220 ABŞ dolları/ton təşkil edib.
Azpost.info