Dünyada COVID-19-a qarşı 3 milyard dozadan artıq peyvəndin vurulduğu bildirilir.
Bu göstəriciyə iyunun 29-da, yəni dünyada peyvəndlərin vurulmasına başlanandan yarım il keçəndən sonra nail olunub və tarixdə ən böyük vaksin kampaniyasının yalnız başlanğıcı hesab olunur.
Vaksin olunanların 23 faizi 27 zəngin ölkənin payına düşür. Hesablamanı “Bloomberg” aparıb.
Əhalinin 4.3 faizi Birləşmiş Ştatlarda yaşayır. Orada ümumi dozaların 11.1 faizi vurulub. Çində isə dünya əhalisinin 19 faizinin yaşamasına baxmayaraq ümumi dozaların 40 faizi onun payına düşür.
Afrikanın bir çox yerində vaksinasiya səviyyəsi 1 faizdən azdır. Bir çox yoxsul ölkələr də oxşar durumdadır.
“Dünya iflasa gedir. Bərabərsizliyin səbəb olduğu ikicığırlı pandemiya ilə üzləşmişik”, – Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
Bu arada ilk dəfə Hindistanda aşkarlanmış delta variantı planetin vaksin olunmamış əhalisi arasında tüğyan edir. Asiya-Sakit okeandan tutmuş Rusiyaya qədər bir sıra ölkələr yeni qadağalar qoyur, yaxud genişləndirirlər.