2024-cü ilin iyul ayında buğdanın dünya bazarında qiyməti əvvəlki aya nisbətən 8.5% azalaraq 211 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Azpost.info bildirir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin “Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazarı Konyukturasına dair Qısa İcmalında deyilir.
Məlumatlar ABŞ-ın Kənd Təsərrüfatı Nazirliyinin 13 Avqust 2024-cü il tarixli hesabatı əsasında hazırlanıb.
Rusiya buğdasının ixrac qiyməti iyul ayında əvvəlki aya nisbətən 8.7% azalaraq 221 ABŞ dolları/ton təşkil edib.
Məlumatda deyilir ki, 2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalının 2023/2024-cü ilə nəzərən 8 milyon ton artaraq 798 milyon ton olacağı proqnozlaşdırılır.
Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 1.9% azalacağı və 257 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 3.7% azalaraq 135.8 milyon ton, ixracın isə 12.2% azalaraq 75.0 milyon ton olacağı proqnozlaşdırılır. Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır.
Azpost.info