Dünyada hər il 359 milyard kubmetr çirkab su istehsal edilir

Utrextsk Universiteti və Birləşmiş Millətlər Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmalar göstərir ki, bu gün dünyanın çirkab sularının təxminən yarısı təmizlənir. Əvvəlki tədqiqatlarda bu rəqəm 20 faiz həddində müəyyən edilmişdi.

Bu ümidverici kəşfə baxmayaraq, müəlliflər inkişaf etməkdə olan ölkələrdə təmizləmə göstəricilərinin hələ də çox aşağı səviyyədə olması barədə xəbərdarlıq ediblər.

Tədqiqatın nəticələri “Earth System Science Data” jurnalında dərc olunub.

İnsanlar və fabriklər hər gün xeyli miqdarda tullantı suları istehsal edirlər. Tullantı suları düzgün yığılıb təmizlənmədikdə insan sağlamlığı və ətraf mühit üçün ciddi təhlükə yarada bilər. Müəlliflər tullantı sularının istehsal həcmlərini, toplanmasını, təmizlənməsini və yenidən istifadəsini qiymətləndirmək üçün milli statistikalardan istifadə ediblər.

“Dünyada hər il təqribən 359 milyard kubmetr çirkab su istehsal olunur ki, bu da 144 milyon olimpiya ölçülü hovuza bərabərdir. Bu suyun təxminən 48 faizi hazırda təmizlənmədən axıdılır. Bu, tez-tez xatırlanan 80 faizdən olduqca aşağı olan bir göstəricidir”, – deyə tədqiqatın aparıcı müəllifi Edvard Conson söyləyib.

Nəticələr əvvəlki göstəricilərlə müqayisədə daha nikbin proqnoz nümayiş etdirsə də, müəlliflər problemlərin hələ də mövcud olduğunu vurğulayırlar.

“Bu, xüsusilə əhalinin sürətlə artdığı inkişaf etməkdə olan ölkələrdə, təmizlik nisbətlərinin geridə qaldığını göstərir. Bu ölkələrdə çirkab su istehsalının toplama və təmizləmə infrastrukturunun hazırkı inkişafından daha sürətli artacağı ehtimal olunur. Bu, həm insan sağlamlığı, həm də ətraf mühit üçün ciddi təhlükələr yaradır. Qarşıda hələ uzun yol var”, – deyə Conson qeyd edib.

Tədqiqatçılar qeyd edirlər ki, bu baxımdan inkişaf etməkdə olan ölkələrdə əsas problem çirkab suları toplayan və təmizləyən infrastrukturun yaradılması üçün maliyyə resurslarının olmamasıdır. Qabaqcıl təmizləmə texnologiyalarının çox bahalı olması bu problemi xüsusilə aktuallaşdırır. Müəlliflər problemin mümkün həllini çirkab sularının təkrar istifadə edilməsində görürlər.

Təmizlənmiş çirkab sularının təkrar istifadəsi artıq bir çox quraq ölkələrdə, xüsusilə Yaxın Şərqdə və Şimali Afrikada suvarma üçün mühüm su mənbəyidir. Bununla belə, hazırda dünyada istehsal olunan çirkab sularının yalnız 11 faizi təkrar istifadə olunur ki, bu da həmin göstəricinin artırılması üçün böyük potensialın olduğunu göstərir.

“Çirkab suları da qida və enerji mənbəyi kimi böyük potensiala malikdir. Çirkab sularının tullantı kimi deyil, resurs kimi tanınması, təkmilləşdirilmiş təmizləmə üsullarını inkişaf etdirmək üçün açar olacaq”, – deyə işin müəllifləri bildirirlər.

Komanda çirkab sularının təhlükəsiz təkrar istifadəsini təmin etmək üçün ciddi qanunvericilik və tənzimləmə ilə müşayiət olunan təmizləmə stansiyalarının düzgün monitorinqinin vacibliyini vurğulayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“S-400″ məsələsində Türkiyəyə qarşı mövqeyimiz dəyişməyib” –

Sonrakı məqalə

Pentaqon Çin üzrə yeni işçi qrup yaradıb