İsveçrənin Cenevrə şəhərində bazar ertəsi dünyanın qaçqın böhranının həlli ilə bağlı üç günlük sammitə start verilib. Minlərlə nümayəndə heyəti, o cümlədən 100 ölkədən nazirlər Birləşmiş Millətlər Təşkilatının Qlobal Qaçqın Forumunda iştirak edir. Onlar münaqişələr səbəbilə evlərindən didərgin düşən on milyonlarla qaçqına yardım etməyin yollarını müzakirə edirlər.
Avropanın qaçqın böhranı artıq əvvəlki qədər müzakirə olunmasa da, minlərlə miqrant hələ də daha yaxşı həyat axtarışında Avropa sahillərinə gəlməyə davam edir.
Avropa İttifaqının sərhəd ölkələrində, məsələn Bosniyada müvəqqəti düşərgələrin sayı artmaqdadır. Bu düşərgələr Avropanın sərhədlərini gücləndirməyə davam etdiyi bir vaxt insanların Qərbdə yeni həyat qurmaq xəyallarının qırıldığını əks etdirir.
“İnsanlar heyvan deyil. Dünya görəcək. İnsanlar soyuqda qalır, yatmır, yemək yoxdur, bu böyük problemdir,” əfqan miqrant Maluddin deyir.
BMT təxmin edir ki, dünya boyu 70.8 milyon insan məcburi şəkildə evlərindən didərgin düşüb.
BMT bildirir ki, bir çox ölkələr, xüsusilə zəngin ölkələr onlara yardım etmək üçün kifayət qədər tədbir görmür. Cenevrədə Qlobal Qaçqın Forumunun məqsədi bərabərsizliyin qarşısını almaqdır.
“Əsas məqsəd bu qədər insanın, dünya boyu insan axınının yükü və öhdəliklərini bölüşməkdir,” BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müavini Cillian Triqqs bildiirr.
Əvvəllər də buna bənzər çağırışlar olub. 2015-ci ildə üç yaşlı suriyalı qaçqın Alan Kurdinin batması bütün dünyada tədbirlərin görülməsinə dair çağırışlara səbəb olsa da, bu çağırışların nəticələri çox az olub.
Türkiyə üç milyon yarımdan çox qaçqına ev sahibliyi edir. Onların əksəriyyəti Suriyadakı müharibədən qaçıb. Prezident Rəcəb Tayyib Ərdoğan da Cenevrədə iştirak edənlər arasındadır.
Türkiyə dəfələrlə Avropanın miqrant siyasətini pisləyib. 2016-cı ildə əldə olunan razılığa əsasən, Ankara 6.7 milyard dollar dəyərində yardım müqabilində miqrantların Yunanıstana keçməsinin qarşısını alıb. On minlərlə miqant hələ də Yunan adalarında ilişib qalıb.
Qaçqın böhranı təkcə Avropa ilə məhdudlaşmır. Banqladeşdə çadırlarda hərbi hücum nəticəsində Myanmadan qaçan 750 minə yaxın Rohinca qaçqını yaşayır.
Dünyadakı qaçqın əhalisinin dörddə biri Səhraaltı Afrikada yaşayır. Mərkəzi Afrika Respublikası, Nigeriya, Cənubi Sudan, Burundi və Yəməndə münaqişələr nəticəsində 18 milyon insan evlərindən digərgin düşüb.
Venesuelada da siyasi böhran humanitar fəlakətə çevrilib. Nəticədə dörd milyon insan ölkədən qaçıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 3.5 milyon məbləğində maliyyə çatışmazlığının olduğunu bildirir. Qurum ümid edir ki, Cenevrə sammiti dönüş nöqtəsi olacaq.
“Hazırda həm hökümətlər, həm də kredit verən bank qurumları tərəfindən maliyyə öhdəliklərinin olacağına dair çox nikbin işarələr var. Amma bundan əlavə vətəndaş cəmiyyəti və biznes icmasından da öhdəliklər alacağıq,” Triqqs bildirir.
Bohranın miqyası və insanları evlərindən qaçmağa vadar edən saysız-hesabsız səbəbləri nəzərə aldıqda, Triqqsin sölyədikləri çox nikbin səslənir.(Amerikanın Səsi)