Uruqvayın keçmiş prezidenti Xose Muxika 89 yaşında vəfat edib.
Bu barədə Uruqvayın rəsmi mənbələri məlumat yayıb.
Xose Muxika 2010-2015-ci illərdə Uruqvay prezidenti vəzifəsini yerinə yetirib. Buna qədər o, kənd təsərrüfatı naziri və digər vəzifələrdə çalışıb. Muxika prezidentliyi dövründə həyata keçirdiyi bir sıra ciddi islahatlarla yadda qalıb.
“Dünyanın ən kasıb prezidenti” kimi tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika (Pepe) maaşının böyük hissəsini xeyriyyə işlərinə sərf edib və köhnə “Volkswagen Beetle” sürüb.
Tupamarosda keçmiş partizan olan Muxika 1970-80-ci illərdə – hərbi diktatura dövründə ömrünün 14 ilini həbsxanada keçirib. Sol Partiyaların Böyük Cəbhə koalisiyasının üzvü olan Muxika 2005-2008-ci illərdə kənd təsərrüfatı naziri, daha sonra senator vəzifələrində işləyib. Böyük Cəbhənin namizədi olaraq, 2009-cu il prezident seçkilərində qalib gəlib. 2010-cu ildədək prezident postunu tutub.
Sadə həyat tərzinə görə dünyanın ən kasıb prezidenti ləqəbi qazanan Uruqvayın keçmiş dövlət başçısı Xose Muxika senator pensiyasını almaqdan da imtina edib.
Heç vaxt lüks həyatı seçməyən Muxika dövlətin ona verdiyi maaşının 90 faizini ehtiyacı olan insanlara bağışlamışdı. Bu qərarını belə izah etmişdi: “Bu mənim öz seçimimdir. Həyatımın uzun illərini belə yaşamışam. Qalan maaşım mənə kifayətdir. Mən kasıb deyiləm. Bahalı həyat seçənlər yoxsulluqdan əziyyət çəkirlər”.
Həmişə 1987-cil model – tısbağaya bənzəyən bir avtomobili (“Volkswagen Beetle”) sürüb. Ərəb şeyxlərindən biri ona yeni bir maşın almaq üçün 1 milyon dollar təklif edəndə o, bunları demişdi: “Məni ən kasıb dövlət başçısı adlandırırlar, amma özümü kasıb hiss etmirəm. Kasıb insanlar bahalı həyat tərzini qorumaq üçün çalışan insanlardır və həmişə daha çoxunu istəyirlər”.
O, bu kiçik və sevimli avtomobilini işə getmək üçün yox, ərzaq alış-verişi üçün istifadə edirdi. Çünki onun ofisi işə piyada gedə biləcəyi məsafədə yerləşdirdi.
Prezidentlik müddəti bitəndən sonra senatda vəzifə tutan Xose Muxika pensiyaya çıxmaq üçün məktubla müraciət edib. Keçmiş prezidentin 2020-ci ilə qədər senator kreslosunda qala biləcəyi vurğulansa da, o, uzun müddətli əmək stajına görə yorulduğunu qeyd edib.
Prezidenliyi müddətində də öz həyat yoldaşı ilə birlikdə ailə fermasında yaşayan Xose Muxika uzun illərdir satış üçün gül becərib və maaşının 90 faizini xeyriyyəçiliyə sərf edib.