Dünyanın küçə yeməkləri ən yaxşı olan 10 şəhəri açıqlandı

Bəzi ölkə və şəhərlər uzun illərdir küçə yeməkləri ilə məşhurdur. Dünyanın müxtəlif yerlərindən qurmanlar kabab şişlərindən tutmuş yerli qəlyanaltılara qədər fərqli dadları sınamaq üçün həmin məkanlara səfər edirlər. Lakin yeni araşdırma küçə yeməkləri üzrə dünyanın ən yaxşı şəhərini müəyyənləşdirib və nəticə bir çoxları üçün gözlənilməz olub.

Euronews-un məlumatına görə, Radical Storage şirkətinin apardığı araşdırmada Fransanın paytaxtı Paris küçə yeməkləri üzrə dünyanın ən yaxşı şəhəri seçilib.

Tədqiqat çərçivəsində dünyanın ən çox ziyarət edilən 100 şəhərində fəaliyyət göstərən 6 897 küçə yeməyi məkanı təhlil edilib.

Qiymətləndirmə zamanı aşağıdakı meyarlar nəzərə alınıb:

-4 və daha yüksək ulduz reytinqinə malik məkanların sayı;

-təqdim olunan mətbəxlərin müxtəlifliyi;

-vegetarian, veqan və qlütensiz yemək seçimləri;

-büdcəyə uyğun məkanların payı;

-hər kvadrat kilometrə düşən küçə yeməyi məntəqələrinin sıxlığı.

Araşdırmada küçə yeməyi dedikdə təkcə küçə köşkləri və food truck-lar deyil, həm də ənənəvi küçə yeməkləri təqdim edən restoranlar nəzərdə tutulub.

Yekun nəticəyə ən çox təsir edən göstərici küçə yeməyi məntəqələrinin sıxlığı olub və bu meyar ümumi balın 30 faizini təşkil edib. Büdcəyə uyğun məkanların payı 20 faiz, qalan meyarların hər biri isə 10 faiz çəkiyə malik olub.

Paris 10 mümkün baldan 7,2 bal toplayaraq ilk sırada qərarlaşıb. Şəhərdəki 401 küçə yeməyi məkanının 69,1 faizi 4 və daha yüksək ulduz reytinqinə malikdir. Bundan başqa, Parisdə hər kvadrat kilometrə 3,82 küçə yeməyi məntəqəsi düşür.

İkinci və üçüncü yerləri Yunanıstanın AfinaSaloniki şəhərləri tutub. Afina 6,9 bal qazanaraq 29 fərqli mətbəxi və yüksək sıxlığı ilə seçilib. Saloniki isə 6,1 bal toplayıb və burada küçə yeməyi məkanlarının 77,1 faizi büdcəyə uyğun hesab olunur.

Yunanıstanın Rodos adası 4 və daha yüksək reytinq alan məkanların payına görə birinci olub. London isə 39 müxtəlif dünya mətbəxi təqdim etməklə ən zəngin seçimə malik şəhər seçilib.

Küçə yeməkləri üzrə dünyanın ən yaxşı 10 şəhəri:

  1. Paris (Fransa)
  2. Afina (Yunanıstan)
  3. Saloniki (Yunanıstan)
  4. Barselona (İspaniya)
  5. London (Böyük Britaniya)
  6. Rodos (Yunanıstan)
  7. Roma (İtaliya)
  8. Hanoy (Vyetnam)
  9. Budapeşt (Macarıstan)
  10. Amsterdam (Niderland)

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.