“Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!” –

İnternet əsrində qəzet oxumaq vərdişini necə bərpa etməli?
12 Fevral 2021 - 01:54
Xaqani SƏFƏROĞLU
“Yeni Media Jurnalistləri” İB sədri
Mediada islahatlar çağırışları “camaata qəzeti necə oxutduraq?” sualına cavab tapmağı da vacib edir. Çətin situasiyadır. İnternet çap mediası üçün vacib olan bütün əlverişli müstəvini dağıdıb.
Oxunaqlı qəzet cəmiyyətin ritmini tutan, doğru və maraqlı xəbərləri çatdırmağı bacaran qəzetdir.
Burada Amerika açmağın mənası yoxdur…
Əsas sual budur: İnternet əsrində qəzet oxumaq vərdişini necə bərpa etməli?
Bu məsələdə yaradıcılıq azadlığı və əlahəzrət pul faktoru vacibdir. Qəzet rəhbərləri bu gün xəbər saytlarında bu azadlığı həsədlə izləyirlər. Amma bu o demək deyil ki, qəzetlər onlayn mediaya tam uduzub.
Şans var.
“Avropada qəzet yenidən oxunmağa başlayıb” tipli xəyallarla özünüzü ümidləndirməyin. Boş xəyallardır. Bura Asiyadır. Üstəlik də qəzet oxumağa heç vaxt böyük həvəs olmayan Azərbaycan!
Bəs nə etməli? Rəngli qəzetlər? Abunə? Reklam?
Bunlar dərdə çarədirmi?
Məncə “qəzetin xilas edilməsi” prosesi incə detalları nəzərə almağı tələb edir.
İlk növbədə qəzet oxumağa maraqlı olacaq dairəni tapmaq lazımdır. “Kütləvi oxucu” dövranı bizim qəzetlər üçün bitib.
Bəs kimdir bu maraqlı dairələr? Varlılar, işgüzar elita və ağıllı adamlar!
Bu kəsim İnternetdə dolaşan xəbərlərə tam etibar etmir. Peşəkar qəzetçi imzaları və dəqiq faktı yazan jurnalist sözü eşitmək onlar üçün çox vacibdir.
Deməli müəyyən dairələr üçün maraqlı olacaq qəzet buraxmaq lazım gələcək. Etibarlı iqtisadi proqnozların və təhlillərin müntəzəm çap olunduğu bir ictimai –siyasi qəzet işgüzar dairələr üçün cazibədar ola bilər.
Bankirlərin, Fermerlərin də bu qaydada “öz qəzeti”ni yaratmaq mümkündür.
Digər uğur iksiri araşdırmadır. Prezidentin tələb etdiyi ictimai nəzarəti təmin edən araşdırma yazıları və onların fərdi abunə yolu ilə oxuculara çatdırılması…
Qəzetlərin onlayn versiyası isə yalnız qəzet variantının maraqlarına xidmət etməlidir.
Belə qəzeti yaratmaq üçün xeyli pul, imzası etibarlı olan peşəkar komanda və media menecerləri lazımdır.
Hər şeydən yazmaq artıq qəzetlər üçün trend deyil. Bu dövran bitib. İnternet var…
Qəzet indi xəbər qovahqovunda yox, keyfiyyətdə fərqlənməlidir.
Bunun üçün tamam yeni konsepsiya qurulmalı, bu işi hədəfləyən şəxs dizini yerə atıb çalışmalıdır.
Uğurun sirri cəmiyyətin müxtəlif spektlərini uzlaşdırmağı bacaran –“dərdə dərman olacaq qəzet” formatıdır.
Qalanı…internetdir!