Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bayram tətilindən qayıdan sürücülərə və sərnişinlərə müraciət edib. AzPost xəbər verir ki, müraciətdə vətəndaşların təhlükəsizliyi üçün vacib tövsiyələr yer alıb.
Bildirilib ki, bayramla əlaqədar qeyri-iş günlərində bölgələrə səfər edən insanların geri dönməsi səbəbindən yollarda nəqliyyatın sıxlığı artacaq. Bu baxımdan sürücülərdən yola çıxmazdan əvvəl avtomobillərinin texniki vəziyyətinə diqqət yetirmələri, həmçinin hava və yol şəraitini düzgün dəyərləndirmələri xahiş olunur.
Yol Polisi İdarəsi vətəndaşlara səfərləri günün işıqlı vaxtlarında planlaşdırmağı, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edib.
Eyni zamanda sürücülərə ötmə və manevr qaydalarına ciddi əməl etmələri, sürət həddini aşmamaqları və məsafə saxlamağı unutmamaları xatırladılıb.
Qurumun müraciətində qeyd olunur ki, bu qaydalara riayət etmək tətil günlərinin xoş ovqatla başa çatması və yollarda təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.