Başqalarına aid ƏDV qəbzlərini yükləyən şəxsin istifadə hüququ məhdudlaşdırılıb.
Milli.Az xəbər verir ki, bu barədə kuryer işləyən şəxs sosial şəbəkədə qeyd edib.
Onun sözlərinə görə, əvvəllər ay ərzində orta hesabla 40-50 manatlıq ƏDV geri alırdısa, artıq qəbzləri yükləmək mümkün deyil.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən bildirildi ki, vətəndaşa aylıq qazancının vurduğu ƏDV məbləğinə uyğun gəlmədiyinə görə əməliyyatları şübhəli hesab edildiyi bildirilib:
“Bəzi vətəndaşlar onlara aid olmayan alış-veriş qəbzlərini sistemə daxil edərək şəxsi kabinetlərinə vəsait əlavə etməyə çalışırlar. Bu, xüsusilə sistematik xarakter daşıdıqda, gün ərzində dəfələrlə belə çeklərin daxil edilməsi halları müşahidə edildikdə, Dövlət Vergi Xidməti tərəfindən yoxlanılır”.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, dövlət əsas məqsəd olaraq şəffaflıq, vergi dövriyyəsinin gizlədilməməsi olduğuna görə qeyri-adi əməliyyatları vətəndaşın gəlirlərinə proporsional şəkildə olmayaraq çox ƏDV geri alma müraciət etməsini diqqətə ala bilər:
“Yəni, Vergilər Xidmətinin ƏDV geri alma üzrə əməliyyatlara nəzarəti mövcuddur və burda hər hansı həddən artıq kənarlaşmalar zamanı əməliyyatı məhdudlaşdırmaq hüququna malikdir”.