Azərbaycanlı gənc Abutalıb Namazov bütün dünyada qəbul olunması ən çətin və ən nüfuzlu akademik proqramlardan biri sayılan Massachusetts Institute of Technology (MIT) universitetinin doktorantura proqramına başlayıb. Hələ bakalavr dövründən araşdırması bu əfsanəvi universitetin rəsmi saytında təqdim edilən Abutalıb Namazovu ad-soyadı və şəkli ilə artıq universitetin müəllim və araşdırmaçıları arasında görmək qürurvericidir. Xatırladaq ki, bu proqrama qəbul olmuş, Azərbaycanda çox məşhur, eyni zamanda çox sevilən şəxslərdən biri də Səlcuq Bayraktardır.
Abutalıbın sadə və imkanlı olmayan bir ailədən çıxması, səmimi və aydın nitqi ilə gənclərə təsir edə bilməsi məktəblilər arasında uğura canatma yönündə yeni bir dalğa yaratdı. Həmin dövrdə verdiyi müsahibələrdə azərbaycanlı uşaqların çox istedadlı olduğunu tez-tez vurğulayan Abutalıb Namazov, Bakıdakı universitetlərimizdə də çox sayda perspektivli gəncin təhsil aldığını qeyd edirdi. Abutalıb top universitetdə təhsil almamağa görə onları həvəsdən düşməməyə, təhsilin növbəti pillələrində dünyanın ən güclü universitetlərinə gedə biləcəklərinə inanmağa çağırırdı. Bu yanaşma yerli təhsil mərkəzlərində oxuyan gənclərə də əlavə motivasiya verdi.

Bütün tətillərdə ölkəyə qayıdaraq vaxtını məktəblilərin informatika olimpiadalarına hazırlığına ayıran, xüsusi kamplar təşkil edən və “Məndən daha istedadlı şagirdlərimiz var” sözlərini tez-tez deyən Abutalıb Namazovun təşəbbüsü digər istedadlı olimpiada qaliblərini olimpiada hazırlıqlarına cəlb etdi. Elm və Təhsil Nazirliyinin müvafiq qurumları da bu gənclərlə əməkdaşlıq quraraq nüfuzlu beynəlxalq informatika yarışlarında nəticələrin yaxşılaşmasına böyük təkan verdi. Nazirliyin əməkdaşlarından birinin sosial media paylaşımında qeyd edir ki, Abutalıb uzaqda olsa belə, olimpiadaların keçirilməsində gecələr yatmamaq bahasına belə əməyini əsirgəmir, həm də Olimpiada Komitəsinin üzvü kimi fəaliyyətini davam etdirir.
Abutalıb Namazov bakalavr təhsilini 5 üzərindən 5 ortalaması başa vurub. O, hələ 3-cü kursda magistraturaya qəbul olunmuşdu, doktoranturaya qəbul edildikdən sonra isə xüsusi prezident (rektor) təqaüdünə layiq görülüb. Onun təhsilinin bütün mərhələləri universiti tərəfindən maliyyələşib.barish2
Azərbaycan Təhsil İnstitutunun direktor müavini və istedadlı məktəblilərlə işə rəhbərlik edən Fuad Qarayev öz paylaşımında Abutalıb Namazovu və bu il Oksford Universitetində doktoranturaya qəbul olunan Abbas Məmmədovu “brilyant doktorantlar” kimi təqdim edib.
Abutalıb Namazov son günlərdə daha bir layihəyə də başlayıb. O, azərbaycanlı proqram mühəndislərinin inkişaf və paylaşım edə biləcəyi bir platforma yaradıb. Kodlar.az saytında özü də, digər istedadlı proqramçılarla birlikdə öyrədici materiallar və təcrübələr paylaşır. Bu da gənc proqramçılara və tələbələrə böyük fayda verən platformaya çevrilməkdədir.
“AzPolitika.info”