Litva Prezidenti Gitanas Nauseda dekabr ayından etibarən Estoniyanın Rusiya ilə sərhədi bağlamaq qərarını “planlaşdırılmış təxribat aktına” adekvat cavab adlandırıb. O, regionda sabitliyi pozmaq cəhdləri davam edəcəyi təqdirdə Litvanın da oxşar addımlar ata biləcəyini istisna etməyib.
“Əgər regionda vəziyyəti sabitsizləşdirmək cəhdləri davam edərsə, buna cavab verilməlidir. Rusiya biz onun hərəkətlərinə reaksiya verməyəndə bunu anlamır və belə davranışı zəiflik əlaməti hesab edir. Bu cür hərəkətlər baş verərsə, onların qarşısını almağa imkan verən tədbirlər barədə, şübhəsiz ki, düşünərik”, – deyə Nauseda bildirib.
Estoniyanın daxili işlər naziri İqor Taro isə əlavə edib ki, Estoniya ilə Rusiya arasındakı sərhəd bağlanacağı təqdirdə insanların və nəqliyyat vasitələrinin hərəkət axınının əhəmiyyətli hissəsi Latviya üzərindən yönələ bilər.
Onun sözlərinə görə, bu, Latviyanın sərhəd-keçid məntəqələrində əlavə yük yaradacaq və nəticədə təhlükəsizlik risklərini artıracaq.
Taro bildirib ki, Latviya hakimiyyəti də Estoniyanın addımına bənzər tədbirlərin görülməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
N.Talıblı
