“Elm və Təhsil Nazirliyinin lisey və gimnaziyalara IV siniflər üzrə qəbul imtahanlarını qəfil və əsaslandırılmamış şəkildə dayandırması – özü də heç bir ictimai izahat, keçid dövrü, və ya əvvəlcədən xəbərdarlıq olmadan – təhsildə idarəçilik baxımından həm prinsipial, həm də etik cəhətdən qəbuledilməzdir. Bu qərar təkcə bir texniki dəyişiklik deyil, minlərlə ailənin həyat planlarını pozan, uşaqların psixoloji durumuna mənfi təsir göstərən və dövlət-vətəndaş münasibətlərində etimadı zədələyən ciddi bir zərbədir”. Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, valideynlər övladlarını liseylərə qəbul üçün illərlə hazırlaşdırıblar:
“Bu hazırlıq prosesinə kurs xərcləri, repetitorlar, sınaq imtahanları, psixoloji dəstək, hətta ailəvi planlamalar (tətil, iş saatı, yaşayış yeri) daxildir. Mərkəzləşdirilmiş qəbul sisteminin etibarlılığına güvənərək minlərlə ailə övladını IV sinifdən liseyə yönləndirmək məqsədilə böyük maddi və mənəvi yük altına girib. İndi isə bir məmur iradəsi ilə bu imkanın tamamilə ləğvi, özü də ictimai müzakirə olmadan, həmin ailələrin səylərini və övladların ümidlərini heçə endirir.
Uşaqlara necə izah edək ki, “oyunun qaydaları” dəyişdi, özü də oyunun ortasında? Valideynlərdən biri deyir: “Uşağıma deməyə söz tapmıram. Mən ona neçə aydır deyirəm ki, sən imtahana hazırsan, sən liseyə keçəcəksən. İndi deyim ki, imtahan yoxdur? Uşaq nə etsin, ağlasınmı, küssünmü?”
Əgər bu qərar pedaqoji və strateji əsaslarla verilibsə, niyə ictimai əsaslandırma təqdim olunmur?Niyə Elm və Təhsil Nazirliyi hansı meyarlarla bu qərarı verdiyini açıqlamır? Axı bu, təkcə texniki prosedur deyil, minlərlə uşağın gələcək təhsil trayektoriyasını müəyyən edən kritik bir mexanizmdir. Qərar 2025-2026-cı tədris ilinə aiddirsə, o zaman bu dəyişiklik niyə 1 il əvvəl elan edilmədi? Necə olur ki, ötən il IV, V, VI, VII siniflər qəbul imtahanı verə bildi, bu il isə qəfildən yalnız VI sinif?”
Ekspert qeyd edib ki, bu yanaşma, idarəetmədə şəffaflıq və ardıcıllıq prinsipinin kobud şəkildə pozulmasıdır:
“Qanunvericiliyə görə, hər hansı mərkəzləşdirilmiş qəbul qaydasında dəyişiklik əvvəlcədən ictimaiyyətə təqdim edilməli, bu barədə normativ sənəd hüquqi qüvvəyə minməli, və ən azı bir tədris ili əvvəlindən xəbərdarlıq edilməlidir. Əks halda bu, inzibati özbaşınalıq və ailələrin planlaşdırma hüquqlarının pozulmasıdır. Təhsil Haqqında Qanunun 5-ci maddəsində qeyd olunur ki, təhsil prosesi şəffaf və proqnozlaşdırıla bilən şəkildə təşkil edilməlidir. Bu qərar isə nə şəffafdır, nə də proqnozlaşdırıla bilən.
Daha ağrılı olan odur ki, bu qərar təhsildə sosial ədalət prinsipini də pozur. Övladını repetitorla liseyə hazırlayan ailə bu sistem dəyişikliyindən maddi və mənəvi zərər görür. Lakin bu zərərin qarşısında nə bir rəsmi üzrxahlıq var, nə də alternativ təklif. Nəticə etibarilə, bu addım vətəndaşla dövlət arasındakı sosial müqavilənin bir forması olan “təhsildə etimad” prinsipini məhv edir.
Elm və Təhsil Nazirliyi bu qərara görə ictimaiyyətə cavab verməlidir: niyə bu dəyişiklik əvvəlcədən elan edilməyib, hansı əsaslarla sinif səviyyələri üzrə qəbul dayandırılıb, zərər görən minlərlə ailəyə hansı kompensasiya və ya alternativ təklif olunur?
Əgər təhsildə etimad və planlı inkişaf istəyiriksə, belə qərarlar ictimai dialoqla, keçid müddəti ilə və hüquqi əsaslarla həyata keçirilməlidir. Hazırda isə sadəcə bir xaos yaşanır və bu xaosun müəllifi təəssüf ki, dövlətin öz təhsil orqanıdır”.