Tacikistanın hakim Xalq Demokratik Partiyası keçmiş sovet məkanında ən uzun hakimiyyətə sahib hazırkı prezident Emomali Rahmonun növbəti dəfə prezidentliyə namizədliyini rəsmən irəli sürüb.
Rahmon partiyanın sentyabrın 3-də keçirilən qurultayında şəxsən iştirak etmirdi. Beləliklə 67 yaşlı Rahmon oktyabrın 11-də keçiriləcək seçkidə 6-cı müddətə prezident olmaq uğrunda mübarizə aparacaq.
Hökumət rəsmilərinin verdiyi məlumata görə Rahmon sentyabrın 3-də Milli Qvardiyanın yaradılmasının 25-ci ildöünümünə həsr olunmuş tədbirə qatılmışdı.
Xalq Demokratik Partiyasının qurultayına müstəqil jurnalistləri buraxmayıblar.
Emomali Rahmonun prezidentliyə namizədliyini Müstəqil Həmkarlar Təşkilatları İttifaqı irəli sürüb.
Son vaxtlar dolaşan şayiələrə görə, ölkəyə 1992-ci ildən rəhbərlik edən Rahmon hazırda paytaxt Düşənbənin meri olan oğlu Rustam Emomalinin xeyrinə prezident seçkisinə qatılmaqdan imtina etməliydi.
Tacikistanda Rahmonun bu dəfə də seçki qalibi olacağı heç kimdə şübhə doğurmur.