Ötən gün TƏBİB Zaqatala rayonu ərazisində qızılca xəstəliyinin yayılması barədə məlumat yayaraq görülən profilaktik tədbirlər barədən bəhs etmişdi.
Azərtac-ın əməkdaşı məsələ ilə bağlı rayonda olub, qızılca xəstəliyinin yayılması ilə bağlı araşdırma aparıb, mütəxəssis həkimlərlə görüşüb, valideynlərin fikirlərini dinləyib.
İlkin məlumatlara əsasən bu xəstəliyin simptomları azyaşlılarla yanaşı həm də orta yaş qrupuna daxil olan uşaqlarda aşkarlanıb. Qeyd edilir ki, bu xəstəlik fəslin dəyişməsi, xüsusən qeyri-sabit hava şəraiti ilə bağlıdır. Payız fəsli olmasına baxmayaraq Şimal-Qərb bölgəsində eləcə də Zaqatalada havaların normadan isti keçməsi, tez-tez hava şəraitinin dəyişməsi müxtəlif xəstəliklərin fəsadlar yaratması ilə müşahidə olunur. Oktyabr ayının sonlarından başlayaraq Zaqatala rayon ərazisində qızılca xəstəliyinin yayılması da elə bu əlamətlərlə bağlıdır.
Oktyabrın sonu və noyabrın ilk həftəsi ərzində Zaqatala rayon mərkəzi xəstəxanasına qızılca xəstəliyi ilə bağlı 64 müraciət daxil olub. İlkin araşdırmalarla müraciətlərin daha çoxu rayonun kəndlərindən olunduğu bilinib. Eyni zamanda müraciət edən azyaşlıların əksəriyyəti ümumiyyətlə peyvənd olunmayanlardı.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktor müavini Nigar Şahmərdanovanın sözlərinə görə ilkin araşdırmalarla o da bəlli olub ki, bu xəstəliyə Zaqatala şəhəri ilə yanaşı rayonun Kebeloba, Car, Yuxari Tala, Aşağı Tala, Çobankol, Muxax, Gözbarax Əliabad kəndlərində uşaqlar və hətta orta yaş qrupuna aid insanlar arasında da rast gəlinib.
Direktor müavini bildirib ki, rayon mərkəzi xəstəxanasına qızılca diaqnozu ilə daxil olan 64 müraciətdən 19-u stasionar müalicə olunub. Stasionar xəstələrdən 10 yaxşılaşma əlamətləri ilə evə yazılıb. Hazırda 9 pasiyent müalicə alır və vəziyyətləri stabildir. Nigar Şahmərdanova bir tibb işçisi olaraq rayon sakinlərinin, əhalinin nəzərinə çatdırıb ki, əsasən valideynlər uşaqları peyvəndlərdən yayındırmasın, Ailə Sağlamlıq Mərkəzlərinə gələrək bu hüquqlarından səmərəli istifadə etsinlər.
Rayon ərazisində xəstəliyin kütləvi yayılması valideynləri narahat edib. Son günlər bununla bağlı çox sayda insan həkimə müraciət edərək uşaqlarının sağlamlığını bir da müayinə yolu ilə yoxlatdırır.
Rayon sakini İsmayıl Poluşov da sosial şəbəkələrdə qarşılaşdığı xəbərlərdən sonra dərhal nəvəsini həkimə gətirib. Bildirir ki, xüsusən azyaşlılar bu dövrdə ciddi qorunmalı, xəstəliklərə qarşı onlarda immunitet gücləndirici tədbirlər aparılmalıdır.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, Zaqatalada qızılcaya yoluxma tək-tək hallarda qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Bununla əlaqədar olaraq xəstəlik ocaqlarında əks-epidemik tədbirlər aparılıb. Hazırda rayonda peyvənd işləri davam etdirilir, epidemioloji vəziyyət stabildir.