“Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” layihəsinin icrasına başlanıldı

Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində əqli mülkiyyət hüququnun qorunmasının təsbit edilməsi əqli mülkiyyət hüququna konstitusion status vermişdir. Bununla əlaqədar olaraq “Əqli mülkiyyət hüququ və əlaqəli hüquqlar haqqında”, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunları və digər normativ sənədlər qəbul edilmişdir. Ölkəmizdə Müəllif Hüquqları Agentliyi fəaliyyət göstərir.

Azərbaycan Respublikasında bədii, elmi, intelektual yaradıcılıq əsərlərinə əqli mülkiyyət hüququnun qorunması mədəniyyətin və incəsənətin inkişafına təkan verən, yaradıcı şəxslərin fəaliyyətini stimullaşdıran, onların maddi-mənəvi təminatına və sosial rifahının yaxşılaşmasına kömək edən ciddi amildir.

Sovet hakimiyyəti dövründə bütün növ intelektual mülkiyyət və onun nəticələri dövlətin inhisarında olduğu üçün əqli mülkiyyət hüququ ayrılıqda hüquq sahəsi və münasibətlər sistemi kimi mövcud deyildi. Müasir dünyada əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və bazara çıxartmaq üçün mövcud münasibətləri düzgün, ədalətli tənzimləmək zərurəti yaranmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması, “Stokholm Konvensiyası” nın qəbul edilməsi problemi beynəlxalq səviyyədə qorunan hüquqlar sırasına çıxarmışdır.

Təəssüf ki, Azərbaycan dövləti və xalqının mədəni, elmi, bədii simasını formalaşdıran intelektual elita bu hüquqları qorumaq, reallaşdırmaq, bazara çıxarmaq mexanizmlərini bilmir. Bu imkanlardan yararlanmır. Yaradıcı ziyalıların öz əqli mülkiyyət hüquqlarını bilməsi, intelektual mülkiyyətdən səmərəli istifadə etməsi, yaradıcılıq imkanlarını bazara uyğunlaşdırması ölkəmizin mədəniyyətinin, incəsənitinin, ədəbiyyatının və elminin inkişafına ciddi təkan verə bilər.

Yaradıcı ziyalılar arasında əqli mülkiyyət hüququnun mahiyyətini izah etmək və onun qorunması mexanizmini öyrətmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-i “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsinin icrasına başlamışdır.

Layihənin məqsədi elm xadimlərini, yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını və digər əqli mülkiyyət sahiblərini Konstitusiyamızda təsbit olunan əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, intelektual yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə, mədəniyyətimizin inkişafına yönəltməkdir.

Təşkilatın sədri BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərovun verdiyi məlumata görə layihə çərçivəsində Bakı şəhərində yaradıcılıq təşkilatlarının nümayəndələrinin iştirakı ilə ADMİU, ADPU, Milli Konservatoriya və Slavyan universitetlərinin, eləcə də Xankəndi, Mingəçevir, Cəlilabad, Quba şəhərlərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin alimlərinə, mədəniyyət işçilərinə, yaradıcı ziyalılara, yaradıcı gənclərə “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlimlər keçiriləcəkdir. Layihə çərçivəsində onlar mövcud qanunvericilik və beynəlxalq təcrübə ilə tanış olacaqlar.

Layihə çərçivəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Miili Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və digər qurumlarla sıx əməkdaşlıq ediləcəkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.