Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə Türkiyənin verdiyi dəstəkdən danışıb. AzPost xəbər verir ki, o, bu fikirləri hökumət iclasından sonra səsləndirib.
Ərdoğan bildirib ki, mayın iyirmi səkkizində Laçın şəhərində olublar və Laçın Beynəlxalq Hava Limanının açılışı baş tutub. Onun sözlərinə görə, bu, bölgənin inkişafında mühüm mərhələdir.
“Qarabağın hər tərəfində böyük bir inkişaf prosesi müşahidə olunur. İnfrastruktur layihələri ilə bağlı geniş səfərbərlik aparılır. Biz də bu prosesə hərtərəfli dəstək veririk”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
Ərdoğan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim müdafiə etdiklərini, azad edilmiş ərazilərin dirçəlişində Türkiyənin aktiv iştirak etdiyini bir daha bəyan edib.