Erkən nikahların hansı fəsadları var?

Dünyada və eləcədə Azərbaycanda mövcud olan aktual problemlərdən biri də erkən nikahlardır. Erkən nikah yaxud uşaq nikahları 18 yaşından az olan uşaqların fiziki, mənəvi və psixoloji cəhətdən evliliyə və uşaq sahibi olmaq məsuliyyətini daşımağa hazır olmadan bağlanan nikahlardır. Bu yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyən olunmuş son həddir. Azərbaycan Respublikasının Ailə Məcəlləsində beynəlxalq qanunvericiliyə uyğun olaraq son yaş həddi kimi 18 yaş müəyyən edilmişdir.

Erkən nikahlar fərdin psixi mənəvi və bioloji cəhətdən inkişafına təsir edən, təhsildən yayındıran, sosiallaşmasına mane olan önəmli faktordur. Beynəlxalq statistikaya görə hər il dünyada 10 milyona yaxın uşaq erkən nikaha məruz qalır. Erkən nikahlar beynəlxalq səviyyədə uşaq istismarının bir növü hesab edilir və buna qarşı mübarizə tədbirləri həyata keçirilir. Əvvəlki dövrlərə nisbətən müasir dövrdə bu cür halların statistikasında xeyli azalma müşahidə olunsa da, hələ də bu hal bəsəriyyəti təhlükəyə sürükləyəcək səviyyədə mövcuddur. Erkən nikah adətən 18 yaşdan az uşaqların nikaha cəlb edilməsi hesab edilsədə dünya praktikasında daha çox qızların erkən evləndirilməsinə rast gəlinir. Erkən nikahların baş tutmasının müxtəlif səbəbləri və kifayət qədər zərərləri mövcuddur.
• fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
• təhsilin effektiv şəkildə başa çatdırılmasına mane olur, erkən nikahda olan qızlar cəmiyyətdən təcrid olunur; Əksər hallarda yeniyetmə ana məktəbdən uzaqlaşır və cəmiyyət üçün yalnız evdar qadın kimi fayda vermiş olur.
• peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilir;
• intihar hadisələrinin sayı artır; Erkən nikahın qurbanı olan gənc ana bir müddətdən sonra öz həyatından şikayətlənməyə başlayır, ailənin “yükü”nü zərif çiyinlərində daşımağa gücü çatmır və sonda çıxış yolunu intihar etməkdə tapır.
• boşanma hallarının sayı artır;
• erkən nikahda olan qızlar daha çox fiziki və cinsi zorakılığa məruz qalır;
• HİV infeksiyası ilə cinsi istismar riski artır və s.

Tarixi ənənələr və mentalitetdən irəli gələn səbəblər demək olar ki daha çox rast gəlinən hallardandır. Bəzən ailənin maddi vəziyyəti, ümidsizlik atmosferi yaradan kasıbçılıq, evliliyin övladına xoşbəxt həyat gətirəcəyi fikri də erkən nikahlara şərait yaradır. Bu praktika kəndlərdə və aztəminatlı ailələrdə geniş yayılmışdır. Bir çox hallarda bu nikahlar valideynlər tərəfindən təşkil edilir, burada qızların perspektivləri və seçimləri məhdud olur. Təcrübədə ailə daxili münaqişələr, qız uşaqlarına təzyiqin olmağı da onları erkən evliliyə yönəldir. Bəzən isə qaçırılma halları erkən evliliyə məcburiyyət yaradır.

Belə hallarla üzləşən şəxslərə dərhal Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən qaynar xəttə (860) müraciət edilməsini tövsiyə edilir.

Əvvəlki məqalə

Maykl Cekson barədə bədii film çəkilir –

Sonrakı məqalə

Qarabağ Universitetinə 10 milyon manat ayrıldı –